Qara PR-sız seçki: namizədlər etik, media məsuliyyətlidir

7 fevral 2024-cü ildə Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Bu seçkilərin Azərbaycanda bundan əvvəl keçirilmiş digər bütün seçkilərdən bir mühüm fərqi də var. Fərq ondan ibarətdir ki, namizədlərin bu dəfəki seçkilərdə bir-birlərinə qarşı qara piar texnologiyalarından istifadə hallarına, demək olar ki, rast gəlinmir. Bu, Azərbaycanda siyasi şüurun möhkəmlənməsini, eyni zamanda medianın məsuliyyətinin artmasını göstərir.

Mövzu ilə bağlı Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli AzNews.az-a açıqlamasında bildirib ki, həqiqətən də digər seçkilərə baxdıqda qara piarın kifayət qədər səviyyəsinin enməsi müşahidə olunur.

"Birinci səbəb ondan ibarətdir ki, bu seçkilərdə konkret hədəf bəllidir. Seçkilər özü fərqli bir ovqatda keçirilir. İlk dəfədir ki, bütöv Azərbaycanın ərazilərində seçki keçiriləcək. Bu seçkilər daha çox Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçkilərin keçirilməsi və bu seçkilərdən sonra Azərbaycanda yeni bir siyasi dönəmin başlaması kimi milli hədəflərə köklənib. Həm dünya, həm region yeni siyasi dönəm ərəfəsindədir. Üstəgəl, Azərbaycanın Qarabağda zəfər çalması yeni reallıqlar yaradıb. İnsanlar bu reallıqları inkişaf etdirmək və ərazi bütövlüyümüz təmin olunduqdan sonra hansı yeni hədəflərin olması üzərində fokuslanıblar. İnsanlar çox yüksək əhval-ruhiyyədədirlər. Heç kim bu baxımdan qara kampaniyalara getmək, yeni nüanslar çıxarmaq ovqatında deyil. Yeni xətlər ortalığa atsalar belə, insanların onu qəbul etməsi mümkün deyil. Çünki bütün diqqət hazırda bütöv Azərbaycanda sağlam, şəffaf seçkinin keçirilməsindədir.

İkinci səbəb isə odur ki, insanlarda siyasi şüur, siyasi təhlil, analiz yüksək səviyyəyə çatıb. Azərbaycan artıq 30 ildir ki, müstəqildir. İnsanlar artıq anlayırlar ki, biz bir olmasaq, bu seçkilərin idarəsini düzgün formalaşdırmasaq, xalq, millət olaraq özümüz təhlükə altına düşə bilərik. Buna görə də qara kampaniyalara, kənara çıxmalara deyil, bir istiqamət tutub onun üzərinə getməyə ehtiyac var. Bu da seçkinin əsas istiqamətini müəyyən edir".

M. Ələsgərli vurğulayıb ki, uzun illərdir Azərbaycan mediasında saflaşdırma, şəffaflaşdırma prosesi gedir. Son illərdə isə bu proses daha da sürətlənib.

"Adətən qara piarlar peşəkar olmayan, bu yöndə ixtisaslaşmış “sarı” KİV-lərdə aparılırdı. Hazırda Azərbaycan mediasında gedən saflaşdırma, demokratikləşmə prosesi artıq KİV-lərin özlərinin istiqamətinə də təsir göstərib. Demək olar ki, indi fəaliyyət göstərən media subyektlərinin əksəriyyəti artıq peşəkarlaşıb, həm media standartlarını, həm siyasi prosesləri bilirlər. Bu baxımdan onların üzərindən qara piarın aparılması bir növ qeyri-mümkün hesab olunur. Bu sadaladığım istiqamətlər fonunda millətin ümumi əhval-ruhiyyəsi durur. Bu ovqatı pozmağa, məncə, kimsə cəsarət edə bilməz".

Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli isə öz növbəsində qeyd edib ki, 7 fevral növbədən kənar prezident seçkilərində bir sıra məsələlərlə bağlı dəyişikliklərin, fərqli tərəflərin olduğu görünür.

"Bizim müşahidələrimiz həm namizədlərin irəli sürülməsi, həm qeydə alınması, həm də təşviqat kampaniyasının aparılması ilə bağlı dövrü əhatə edir. Bu dövrdə əvvəlki seçkilərdən bir neçə məqamda fərqlər görünür. Bu məqamlardan biri də təbii ki, namizədlərin seçki debatlarında, təşviqat kampaniyaları vaxtı qara piardan, böhtan və iftira kampaniyalarından imtina etməsidir.

30 illik müstəqillik dövründə seçki proseslərində bütün mərhələlərə şahid olmuş, həddən artıq təhqir və namizədlər arasında hətta fiziki zor tətbiq etmək cəhdlərinə də rast gəlmişik. Düşünürəm ki, bu proses artıq tənzimlənməyə doğru gedir. Artıq namizədlərin etik çərçivədən kənara çıxmadan, birbirini təhqir etmədən, aşağılayıcı ifadələr işlətmədən sadəcə olaraq, öz platformalarını və seçicilərinin müraciətlərini ifadə etməklə mübarizəni davam etdirməsi mümkündür. Bunu da nümayiş etdirirlər. Çox təqdirəlayiq bir haldır. Əlbəttə, istərdik ki, namizədlər bu prosesdə həm özlərini təqdim etmək, həm də bir siyasi mədəniyyət, siyasi əxlaq nümayiş etdirmək baxımından daha fəal olsunlar. İstər seçkidə iştirak edən, istər seçkidən kənarda qalan iqtidar və ya müxalifətyönümlü olmasından asılı olmayaraq bütün proseslərə fikir və münasibət bildirən siyasilərin də bu istiqamətdə, hərəkətlərini, davranışlarını, sözlərinə və fikirlərini tənzimləməsi məsləhətdir. Biz də müşahidə missiyasını həyata keçirən insanlar kimi bunu təqdir edir, bəyənir və öz hesabatlarımızda vurğulayırıq".

QHT sədri əlavə edib ki, dünyanın bütün ölkələrində seçki prosesi maksimum dərəcədə nəzakətli və qarşılıqlı hörmət şəraitində keçirilməlidir.

Namizədlərin bir-birlərinə qarşı qara piar aparmamasına baxmayaraq, həmin namizədlərə qarşı müxtəlif sosial şəbəkə vasitələri üzərindən kampaniyalar aparılır. Məsələn, ötən günlərdə namizədlərdən biri olan Razi Nurullayev adına saxta hesab açılmışdı. Bu kampaniyalar əsasən mühacirətdə olan insanlar və ya ölkə daxilində yaşayan müxalifət nümayəndələri vasitəsilə aparılır.

Məsələ ilə bağlı "Medianews.az" saytının baş redaktoru Rufik İsmayılov saytımıza açıqlamasında söyləyib ki, seçki hər zaman cəmiyyətin diqqət mərkəzində olan prosesdir. "Məni maraqlandırmır", "Səs verməyəcəyəm", "Bundan mənə nə?!" deyən şəxslərin özü də əsl gerçəklikdə seçkinin gedişi, namizədlərin kimliyi ilə maraqlanırlar. Çünki seçki ilə maraqlanmayan biri namizədlər barədə məlumatlı olmaz, hətta onlara qarşı qara piar da aparmaz.

"Ola bilər ki, bəzi sosial media istifadəçiləri öz təqdimatlarını hansısa namizədə qarşı qara piar aparmaqla daha geniş auditoriyaya çatdırmaq istəyirlər. Digər bir məqam xarici təsirdir. Bəlli dairələrin maliyyəsi hesabına xarici ölkələrdə oturum izni alan, media resursu yaradan, bütün günü sosial media üzərindən Azərbaycana qarşı kin, nifrət yağdıranlar indi də bu işi seçki prosesi barədə neqativ rəy yaratmaqla, ayrı-ayrı namizədləri hədəfə alıb onları ələ salmaqla, qara piar aparmaqla məşğuldurlar. Hədəfləri aldıqları əmrlərə uyğun olaraq ictimai rəyi çaşdırmaq, ölkə daxilində qeyri-sabitlik yaranmasına nail olmaqdır. Belələri dünən də var idi, bu gün də var, sabah da olacaqlar. İndi nə edək, belələrinə görə Azərbaycanda bütün prosesləri, işləri, o cümlədən də seçkiləri təxirə salaqmı? Hər hansı bir iş görməyəkmi? Dünənə kimi “Qarabağı qaytarsalar, qulağımı kəsərəm" söyləyib Azərbaycan iqtidarını, siyasətçiləri, deputatları hədəfə alanlar məntiqlə indi tayqulaq olmalı idilər. Amma hər iki qulaqları yerində, yenə də köhnə amplualarında, əsassız arqumentlərlə ənənəvi peşələrini davam etdirirlər", - deyə baş redaktor fikirlərini tamamlayıb.

Bəs, Azərbaycan qanunvericiliyində vətəndaşların şərəf və ləyaqətinin alçaldılması ilə bağlı hansı cəzalar nəzərdə tutulur?

Sualımızı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirova ünvanladıq.

“Seçki kampaniyası başlayandan Azərbaycana qarşı həm daxildən, həm xaricdən çirkin kampaniya aparan qüvvələr və onlara alət olan insanlar var. Mümkün qədər Azərbaycanda seçkiləri kölgə altına almaq, Azərbaycanın hazırkı mövcud vəziyyətdə ilk dəfə zəfər seçkilərin keçirildiyi dönəmdə seçilmək istəyən namizədlərin bir-birinə qarşı qara piar aparmamalarına baxmayaraq, onlara qarşı çirkin kampaniya başlanıb. Ayrı-ayrı namizədlərin şəxsiyyətləri təhqir edilir, onlara qarşı böhtanlar atılır. Təbii ki, bu, təkcə namizədlərə qarşı deyil, eyni zamanda bütün vətəndaşlarımıza qarşı da cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 147 və 148-ci maddələr mövcuddur ki, bunlar da müvafiq olaraq təhqir və böhtanla bağlıdır. Eyni zamanda 148.1 maddəsi də var ki, bu da internet resurslarında, sosial şəbəkələrdə saxta hesablar açaraq qeyd etdiyimiz cinayətlərin törədilməsini qadağan edir", - X. Bəşirov vurğulayıb.

O deyib ki, siyasi prosesin astanasında olan Azərbaycan üçün bu dönəm həssasdır. Azərbaycanın daxilində seçki öncəsi narazılıq yaratmaq istəyən bəzi qüvvələr var ki, bu qüvvələrin əsas məqsədləri daha təhlükəli oyunlar oynamaqdır.

"Burada məqsəd təkcə namizədlərin şəxsiyyətini təhqir etmək, onlara qarşı böhtan atmaq deyil. Hər bir halda nəzərə alaq ki, bu gün Azərbaycan qanunvericiliyi ilə bu əməllər məsuliyyət yaradır.

Böhtan, yəni 147.1-ci maddəyə görə belə şəxslər barəsində cərimələr, ictimai və islah işləri eyni zamanda 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu müddəanın ağırlaşdırıcı halında, yəni şəxsə qarşı ağır və ya xüsusilə ağır cinayət törətməklə bağlı böhtan atdıqda 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası məsuliyyəti yaranır ki, bu da çox ciddi cəza növüdür".

X. Bəşirov əlavə olaraq qeyd edib ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə bu cinayətlərlə bağlı xüsusi ittiham qaydasında iddia irəli sürmək lazımdır.

"Məsələn, insanlara qarşı digər cinayətlər törədilirsə, xüsusi ittiham qaydasında deyil, oğurluq, sağlamlığa xəsarət yetirmə, adam öldürmə kimi ümumi ictimai ittiham qaydasında olan cinayətlərdə zərərçəkmiş şəxsin şikayət edib- etməməsindən asılı olmayaraq, cinayət işi başlanılır. Amma təhqir, böhtan cinayətləri ilə bağlı xüsusi ittiham qaydasında cinayət işi başlanılır. Həmin cinayətə məruz qalmış, zərərçəkmiş şəxs mütləq şəkildə bununla bağlı özü şikayət etməlidir. Şikayət etdikdən sonra məhkəmə qaydasında qeyd edilmiş cinayət araşdırılır və şəxslər barəsində müvafiq məsuliyyət tədbirləri tətbiq edilir”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsi üzrə hazırlanmışdır.