Şvabenin Bakıdakı cizvitləri

Azərbaycan Nümayəndə Heyətinin AŞPA-da fəaliyyətini dondurdu və bundan dərhal sonra assambleya parlamentarilərimizi səsvermə hüququndan məhrum etdi. AŞPA bu qərarı qəbul etmək üçün hərəkətə keçəndə ölkəmizdə nə yeni prezident seçkiləri təyin edilmiş, nə də “AbzasMedia”nın əməkdaşlarına cinayət işi açılmışdı. Frank Şvabe Qarabağdakı hərbi xuntanın çökdürülməsindən sonra erməni bayrağını başına çəkərək Azərbaycana hədə-qorxu gəlirdi. Odur ki, AŞPA-nın Azərbaycana qarşı əsl xaçlı ittifaqı kimi qəbul etdiyi qərarla bağlı rəsmi Bakını nədəsə günahkar çıxarmağa çalışmaq ya siyasi naşılıq və riyakarlıq, ya da AŞPA-nın anti-Azərbaycan cəbhəsinə çevrilməsini “böyük diplomatik uğur” kimi bayram edən Nikol Paşinyana mənəvi dəstəkdir.

Budur, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli öz Facebook səhifəsində qeyd edir ki, biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Bu artıq problemə yanaşmada fundamental sapıntı, metodoloji xətadır. Məsələ ondadır ki, Şurasının timsalında Avropa özünü Ermənistanın nəinki dostu, açıq-aşkar hamisi elan edərək Azərbaycana qapı göstərir. Düzdür, həm Azərbaycan parlamentariləri, həm də AŞPA öz bəyanatında qapını yenidən aralamaq üçün əl yeri qoyub. Ancaq bunun üçün kim, niyə və hara qədər geri çəkilməlidir? Söhbət formal addımlardan yox, Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin imzalanmasından gedir. Dövlət müstəqilliyimizi elan etdiyimiz günlərdən bəri Qərb Qarabağ konfliktini bəhanə edərək Azərbaycana təsir və təzyiq göstərib. Rəsmi Bakı ərazi bütövlüyünü həll etmək üçün platforma və tribunalar axtarır, “sivil dünya”nı münaqişəni həll etmək üçün Ermənistana təzyiq göstərməyə çağırırdı. Bu çağırışlara verilən reaksiyalar kağız üzərində qalan ütülü bəyanatlardan o yana keçmədi. Misal üçün AŞPA Ermənistanı bir aylığa da olsun səsvermədən məhrum edib İrəvana “get, qoşunlarını Qarabağdan çıxar, sonra gəl” demədi.

Ancaq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli deyir ki, rəsmi Bakının AŞPA müşahidəçilərinin Laçın dəhlizinə baxış keçirməsinə və Qarabağa səfər etməsinə icazə verməkdən imtinasını kritik səhv olub. Belə yerdə sual edirlər: ağzın dediyini qulağın eşidirmi? Görünür, Anar Məmmədli AŞPA-nın Azərbaycanın Laçında quraşdırdığı sərhəd buraxılış məntəqəsini ləğv etmək üçün göstərdiyi çabaları, hətta ötən il iyunun 22-də “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” başlıqlı qətnamə qəbul etməsini unudub.

Müsavat Partiyasının sədri Arif Hacılı Azərbaycanın sivil dünya ilə dəyişən münasibətlərinə diqqət çəkib, mümkün ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib. O, məbuatda AŞPA-nı pisləyən kampaniyaya başlamaqdan çəkindirib, mənfi nəticələrin qarşısını almaq üçün daxili və xarici siyasətdə fundamental dəyişikliklərə ehtiyac olduğunu bildirib. Görəsən, Anar Məmmədli AŞPA-nın məsələ ilə bağlı məruzəçisi, irlandiyalı deputat Pol Qavanın dediklərini xatırlayırmı? Qavan Laçın dəhlizinin açılması üçün qaban kimi fınxırırdı: “Azərbaycan Laçın dəhlizini açmalı, Üçtərəfli Bəyannaməyə hörmət etməli və insanların Dağlıq Qarabağda və bütövlükdə Azərbaycanda sülh içində yaşamasını təmin etməlidir”. Əgər Anar Məmmədlinin savadı və səriştəsi bu açıqlamanı düzgün qavramağa yetmirsə, Müsavat partiyasının başqanı Arif Hacılıdan kömək ummasın. O, daha uğursuz açıqlama verib. Xüsusən də onun Azərbaycan mediasını Avropa Şurasının əleyhinə yazılar dərc etməkdən çəkinməyə çağırması tipik natamamlıq kompleksidir. Necə yəni, Avropa Şurası Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı Fransanın əlində təzyiq mexanizminə çevrilsin, milli mətbuatımız da sussun?

Bu ölkədə susmalı olanlar da var. Heç olmazsa, bu mərhələdə! Çünki danışdıqları Eynilə Cəmil Həsənli kimi başdan ayağa cəfəngiyyatdır, yalmanmaqdır. Cəmil Həsənlinin Facebook-da yazdığı statusu “Turan” İnformasiya Agentliyi “Səməd Seyidovun pafosu” başlığı ilə müəllif yazısı kimi yayımlayıb. Milli Şuranın sədri məqaləfasonunda Avropa Şurasından belə qabağa gedir, hətta Frank Şvabenin hazırladığı bəyanatdakı erməni ştrixlərini də kəsib atır. Nədən danışsa sözü hərləyib-fırladıb Qubad İbadoğlunun həbsinə gətirməkdən zövq alan Cəmil Həsənli elə xəfifləyib ki, bu yaşda sonra ona nə isə izah etməyə lüzum yoxdur. Sadəcə, “1 may tarixçisi” Cəmil Həsənlinin hadisələrin xronoloji ardıcıllığını bu qədər unutması yaş və yaddaş problem deyil. Elə ona görə də Həsənliyə xatırlatmaqda yarar var. Qubad İbadoğlu Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri 24 iyul 2023-cü ildə seçilib, bundan tam bir ay öncə isə AŞPA "Laçın dəhlizi" ilə bağlı qətnamə qəbul edib.

AzNews.az