Mövlud Çavuşoğlu- ADAM KİMİ ADAM, TÜRK KİMİ TÜRK!

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir. Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”.

Bu sərrast, obyektiv və ədalətli mesajın müəllifi Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğludur.

Mövlud Çavuşoğlu diplomatiya dünyasında tanınan, qəbul edilən, rəğbətlə qarşılanan bir isimdir. İsmət İnönü və Cəlal Bayarın baş nazir olduğu dönəmlərdə Türkiyənin xarici işlər naziri olmuş Tevfik Rüştü Arasdan sonra qardaş ölkənin diplomatik xidmətinə ən çox başçılıq etmiş tarixi şəxsiyyətdir. Tevfik Rüştü Aras 1925-38-ci illərdə, 13 il Türkiyənin xarici siyasət idarəsinə rəhbərlik edib. Mövlud Çavuşoğlu isə bu vəzifəni təxminən 8 il yarım daşıyıb. Osmanlı kimi bir cahan imperiyanın küllərindən doğmuş Türkiyə Cümhuriyyətinin dünyanın ən təcrübəli və çevik diplomatiya məktəblərindən birinə malik olması heç kimə sirr deyil. Bu ənənəni Türkiyə adına böyük uğurlara çevirən, bir növ dünyada yeni Türkiyə hərəkatı yaradan Çavuşoğluna 4 hökumətdə xarici işlər naziri portfelinin həvalə edilməsi heç də təsadüfü deyil.

5 fevral 1968-ci ildə Alayanın Türklər məhəlləsində dünyaya göz açıb. Yörükdür. Atası “Doğru yol” partiyasından, əmisi isə Ədalət və İnkişaf Partiyasından namizəd olaraq Türklərdə bələdiyəyə sədrlik ediblər. Başqa sözlə, siyasi bir ailənin övladıdır. Beynəlxalq münasibətlər ixtisası üzrə Ankara Universitetindən məzun olub, ABŞ-ın Long İsland Universitetində magistratura bitirib. Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 5 seçkidə Antalya kimi müasir bölgədə mühafizəkar Ədalət və İnkişaf Partiyasının namizədi olaraq qalib gəlib və Türkiyə Böyük Millət Məclisində təmsil olunub. Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı olub və 2 il AŞPA-ya rəhbərlik edib.

Odur ki, AŞPA-nın Azərbaycana qarşı səlibçilik etdiyi bir dönəmdə Çavuşoğlunun verdiyi bəyanat olduqca əhəmiyyətlidir.

Birincisi ona görə ki, bəyanatın müəllifi dünya çapında özünü təsdiq etmiş məşhur bir diplomatdır.

İkincisi, AŞPA-nı qeyri-obyektivlikdə və qeyri-konstruktivlikdə suçlayan həmin quruma rəhbərlik etmiş şəxsdir.

Üçüncüsü, Mövlud Çavuşoğlunun Azərbaycan sevdası, xalqımıza və dövlətimizə içdən bağlılığı zamanın sınağından dəfələrlə üzü ağ çıxmış bir gerçəklikdir.

Həm millət vəkili olduğu dövrlərdə, həm də xarici işləri naziri kimi Azərbaycana səfər etdiyi zaman sayın Çavuşoğlunu bir neçə tədbirdə müşahidə etmək imkanım olub. Dəqiq, xarizmatik, iti zəkalı bir dövlət adamıdır. Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə düşdüyü bütün situasiyalarda onu yanımızda görmüşük. Elə bu səbəbdən də hər dəfə tədbirlərdə yaxınlaşıb təşəkkür etmək istəmiş, əlini sıxaraq “adam kimi adamsan, yörük oğlu” demək istəmiş, ancaq protokoldan kənara çıxmaqdan çəkinmişəm. İndi türk dünyasının Henri Kissincerinə bu köşədən səslənir, prinsipiallığına, dürüstlüyünə, ləyaqətinə görə minnətdarlığımı ifadə edirəm.

“Hər zaman Can Azərbaycanın yanındayıq. Can Azərbaycan heç bir zaman yalnız deyil” kimi açıq və konkret mövqe ilə dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı qurulan planların prezidentimiz İlham Əliyev tərəfindən darmadağın edilməsinə birmənalı dəstək vermiş Çavuşoğlunun indi Antalya millət vəkili olaraq dünyaya verdiyi mesajın mənəvi dəyəri son dərəcə böyükdür. Demək ki, bir insanın millətinə və ideallarına xidməti mənsəbdən, vəzifədən, kreslodan asılı deyil, əqidə və şərəf məsələsidir.

Heç kimə sirr deyil ki, bu gün Fransanın, Almaniyanın əlində oyuncağa çevrilmiş AŞPA-nın Azərbaycana zəhər-zəmbərək saçması üçrəngli bayrağımızın müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən Xankəndiyə sancılmasının Qərbə verdiyi sancının nəticəsidir. Avropanın neo-cizvitləri Azərbaycanın timsalında yeni müstəqillik qazanmış bir türk dövlətinin yüzillərin “Doğu məsələsi”ni çözməsi ilə barışmaq istəmirlər. Fəqət Azərbaycan bunu bacardı. Osmanlıdakı “İttihad və Tərəqqi” hökumətinin reallaşdıra bilmədiyi Güney Qafqazda “çibanı kökündən təmizləmək” arzusunu Azərbaycan öz sərhədlərində həyata keçirdi.

Millətimiz, dövlətimiz və tariximiz heç zaman unutmayacaq: İkinci Qarabağ Savaşında Azərbaycanın ən böyük mənəvi, siyasi, diplomatik dəstəkçisi olan qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu idi.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru