Ermənilərin anti-Rəsulzadə kampaniyası nəyə hesablanıb?

Azərbaycanı "nasizmi dəstəkləməkdə" ittiham edən bəzi qondarma təşkilatlar gözünü qaldırıb İrəvana baxsınlar, görsünlər orada nə qədər faşist, nasist tərəfdarına heykəllər qoyulub

Məlum olduğu kimi, keçən il dekabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin lideri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə hədsiz dərəcədə təqdir edilən bu Sərəncam Ermənistanda və ondan kənarda fəaliyyət göstərən bəzi qüvvələrin, qondarma təşkilatların narahatçılığını daha da artırdı, yuxusuna haram qatdı. Bu qurumlar bir-birinin ardınca üzdəniraq bəyanatlar yaymağa başladılar. Belə bir faktı xatırlayaq. Ermənistanda, guya Azərbaycandan köçüb getmiş ermənilər tərəfindən yaradılan qondarma bir təşkilat var. Adını "Girdiman-Şirvan-Naxçıvan" (?) qoyduqları "ümumerməni birliyi" mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğatla məşğul olur. Bu təxribatçı qrup Azərbaycanda M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı qərarın ardınca dərhal təpədən-dırnağa iftiralarla, təhrif və əsassız ittihamlarla zəngin "bəyanat" yaydı. M.Ə.Rəsulzadə şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, mühacirət dövründəki mübarizəsinə ləkə yaxan "təşkilat" onun siyasi fəaliyyəti ilə bağlı iddia edirdi ki, guya o siyasi fəaliyyətə "ifrat panislamist və pantürkist" kimi başlayıb, guya "Hitlerin nasist düşərgəsinə qoşulub". Guya İkinci Dünya müharibəsinin əvvəlində o, alman hakimiyyət orqanları ilə əlaqə qurub və 1942-ci ildə faşist ordusunun tərkibində Azərbaycan legionunun yaradılmasında artıq tam şəkildə iştirak edib. Bir sözlə, bu qondarma təşkilat Rəsulzadəni "nasist tərəfdarı" kimi qələmə verib və öz aləmində onun 140 illik yubileyinin keçirilməsini "pisləyib".

Bildirək ki, Rəsulzadənin "nasist tərəfdarı" kimi təqdim edilməsi yolverilməzdir, çünki o, əsla bu yola qulluq etməyib, onun xaricdəki bütün siyasi fəaliyyəti şəffaf olub. Azərbaycanı "nasizmi dəstəkləməkdə" ittiham edən ermənilər, eləcə də onların yaratdığı qondarma təşkilatlar gözünü qaldırıb İrəvana baxsınlar, görsünlər orada nə qədər faşist, nasist tərəfdarına heykəllər qoyulub, Njdenin, Dronun və başqalarının abidələrinə ciddi diqqət yetirsələr öz gözlərindəki “tiri” daha yaxşı görərlər.

Növbəti belə bəyanat qatı ermənipərəstliyi ilə seçilən “Lazarev klubu”ndan gəlib. Belə ki, Azərbaycanın qazandığı möhtəşəm Qələbədən sonra susmaq bilməyən, kin və nifrətini püskürmək üçün meydan axtaran və nəticədə hər şeydən əli üzülən “Lazarev klubu” da Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni hədəfə alıb. Erməni mediası qondarma “Beynəlxalq Rusiya-Ermənistan “Lazarev Klubu” Şurasının və MDB Ölkələri İnstitutunun (Moskva) üzdəniraq bir bəyanatını yayıb. Anti-Rəsulzadə ruhunda hazırlanan bu kağız parçasında Hitler nökəri, ona qul kimi qulluq edən Q.Njdeni tərifləyib “göyə qaldırıblar”, Hitlerlə heç bir əməkdaşlığı olmayan Rəsulzadəyə isə ona yaraşmayan ləkələr atıblar. Bəyanatda deyilir: “Rusiya imperiyasının və Sovet İttifaqının qatı düşməni olan Rəsulzadə Türkiyədə Pilsudski, Hitler və müharibədən sonrakı amerikapərəst “SSRİ Əsir Xalqlarının Azadlığı Komitəsi” ilə ardıcıl əməkdaşlıq “edib”. “Rəsulzadə “ata” elan edilir. Azərbaycanda onun abidələri çoxalır, ona sitayiş edilir və yubileyi illərdir dövlət səviyyəsində qeyd olunur.” Bu klub da digər üzdəniraq qurumlar kimi, mütəmadi olaraq bizə qarşı ərazi iddiası ilə çıxış edir, Azərbaycanın əleyhinə olan məsələləri gündəmə gətirir. Aydındır ki, onun tərkibində Zori Balayan kimi qatı millətçilərdən biri də var. Xocalıda və Qarabağın başqa ərazilərində qatı cinayətlər törədənlərdən də o klubda təmsil olunanlar az deyil. Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Ermənistan “Lazarev klubu”nun koordinatoru Konstantin Zatulin dəfələrlə qurum adından əsassız “bəyanatlar” yayaraq regionda baş verən hadisələrdən narahatlığını bildirib. Bəyanatlar məlum və darıxdırıcı tezislərdən ibarət olub: “Qarabağ erməniləri məhv olmaq təhlükəsi ilə üz-üzədir”, “Azərbaycan “Qarabağ xalqı” adlanan insanları (bu nə xalqdır belə!? - red.) azadlıq və öz müqəddəratını təyinetmə hüququndan məhrum etməyə çalışır” və s.

Lazarevlərdən qalmış mirasın səmərəsizliyi

“Lazarev klubu” nədir və hansı işlə məşğul olur sualına cavab verməzdən öncə bu klubun adını haradan götürdüyünə aydınlıq gətirək. Məlum olur ki, klub Lazaryan ailəsinin adını daşıyır. Belə ki, 1747-ci ildə İrandan Rusiyaya gələn Lazar Nazaroviç Lazaryan ölkəni ermənilərlə doldurmaq üçün “uzun və əziyyətli işə” başlayır. Əvvəlcə oğlunu imperatriça Böyük Yekaterinanın hüzuruna təqdim edir və sonradan onun saray zərgərinə çevrilir. Hətta ona rəsmi olaraq “Şərq məsələləri üzrə müşavir” adı da verilir. O, ermənilərin problemli Krımdan Rostov vilayətinin münbit torpaqlarına (indiki təsnifata görə), 1779-cu ildə Nor-Naxçıvan (Yeni Naxçıvan) şəhərinin əsası qoyulduğu yerə, gələcəkdə Naxçıvan-Don adlanacaq əraziyə köçürülməsi üçün Yekaterinanın fərman verməsinə nail olur. Böyük Yekaterinanın və onun müşaviri olan oğul Lazarevin ölümündən sonra İran və Türkiyə ermənilərinin köçürülməsinə Lazarevlərin nəvələri rəhbərlik edirdi. Ümumilikdə 1 milyona yaxın erməni köçürüldü (mənbə) ki, bu da yüz il ərzində (1828-ci ildən 1928-ci ilə qədər) onların sayının təxminən 100 dəfə artırmağa imkan verdi. 50.000-dən 3.000.000-a qədər (1922-ci ilin siyahıyaalınması). XVIII əsrdə lazarların qoyduğu ideyalar bütün Rusiya ermənilərinin hərəkətverici qüvvəsinə çevrildi - hakimiyyətə gəlmək və ən yaxşı əraziləri məskunlaşdırmaq, yerli əhalini sıxışdırmaq və öz qaydalarını tətbiq etmək. Bu qayda hətta SSRİ-də dövlət səviyyəsində də işləyirdi. Xalqlar deportasiya olunurdu, onların yerində ermənilər məskunlaşdırılır. Bu gün məhz bu ideyaların mərkəzində deputat Zatulinin təşəbbüsü ilə yaradılmış “Lazarev Klubu” dayanır. O, erməni ideyasını təbliğ edən rusların bütün rəngini ehtiva edir - Rusiyadakı ən zəngin ermənilər və bir çox məşhur ruslar kimi. Beləliklə, Lazaryan ailəsi bütün dünya ermənilərinin Rusiya imperiyasında məskunlaşmasının təşəbbüskarı və baş sponsoruna çevrildi.

Klubun ilk iclası 30 noyabr -1 dekabr 2018-ci il tarixlərində İrəvanda keçirilib. Həmin vaxt da Klubun Şurası seçilib. O vaxtdan Zatulin Konstantin Fyodoroviç “Lazarev Klubu”nun yaradılması üzrə Təşkilat Komitəsinin sədridir. Zatulin həm də Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədr müavini olmaqla, əslində Ermənistanın rəsmi ruporu və onun Rusiya Federasiyası Dövlət Duması Komitəsindəki nümayəndəsidir. Keçmiş SSRİ-nin demək olar ki, bütün ölkələrində Zatulin “persona non-qrata” sayılır. Bəziləri rəsmi, bəziləri qeyri-rəsmi.

İrəvana iddiamız əsaslı və haqlıdır

Azərbaycan Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam da sözsüz onları qıcıqlandırır. Çünki Sərəncamdan sonra, yəni bu il yanvarın 10-da Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vurğuladı ki, bizim torpaqlarımız var. Yəni biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik. Bu da o deməkdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hər şeyinin varisiyik, ondan nə qalıbsa hamısına iddialıyıq. Prezident bizim ərazilərimiz haqqında, İrəvanın verilməsi barədə də danışdı. Vurğuladı ki, İrəvan bizim ərazimiz olmasına baxmayaraq ermənilərə güzəştə gedilib. Prezidentin bu məsələləri qaldırması ciddi təşviş yaratdı. Ona görə ki, M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətini yaradanda konkret olaraq hansı ərazilərin Azərbaycan ərazisi elan olunduğu məlumdur. Bu barədə Fransada xəritələr çap olunub. Bu xəritələrdə aydın görünür ki, 1918-ci ildə hansı ərazilər Azərbaycanın ərazisi olub. Göyçə, Zəngəzur, Dərələyəz və başqaları Azərbaycanın tarixi torpaqları olub, bu ərazilər o vaxt Azərbaycanın tərkibində idi. Prezident İlham Əliyevin Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi Sərəncam həm də ondan irəli gəlir ki, ölkə başçısı Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi haqlı olaraq o ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayır.

Sevinc Azadi,

“İki sahil”