Zəlzələni məğlub edən qardaşlıq: Qəhrəman Maraşda "Azərbaycan" şəhərciyi

Ötən ilin bu günlərində qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi sarsıtdı. Qəhrəman Maraş sözün əsl mənasında uçqun altında qalmışdı. Qaçılmaz təbiət hadisəsi Azərbaycan xalqını və dövlətini qardaşlıq sınağına çəkmişdi. Həftələrlə gündəmdən düşməyən zəlzələ bizim cəmiyyətimizdə də böyük həyacan və təşviş yaratmış, sosial-psixoloji müvazinətimizi pozmuşdu. Azərbaycan insanları qulpundan çıxan qədər zəlzələ məğdurlarına maddi yardım göstərməyə çalışırdı. Özü min bir ehtiyac içində olan bir soydaşımızın ucuzvari “07”-də evindən Maraşa yorğa-döşək göndərməsi Türkiyə mediasında da baş xəbər oldu. İki dövlət- bir millətin mənsubları bu mərdliyə göz yaşı tökmədən şahidlik etmədilər. Azərbaycan dövləti və prezidenti xəbərin yayıldığı andan etibarən qardaş Türkiyənin harayına çatdı. Xilasetmə bölmələri göndərdik, evsiz-eşiksiz qalmış insanlara qida, geyim, çadır və digər zəruri ləvazimatlar göndərdik. Prezident İlham Əliyev Türkiyə vətəndaşlarını, xüsusən də zəlzələ bölgəsində quru düzdə qalmış insanları toxtadan açıqlama verdi: Maraşda şəhərcik salacağıq!

Rəsmi məlumatlar belədir:

Türkiyə Respublikasının Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.

Azərbaycan hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaqdır.

Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılmışdır.

20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:

  • xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana
  • musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı
  • rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana
  • texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana
  • 1 kitabxana
  • 1 idman zalı

“Azərbaycan” məhəlləsinin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılmışdır. 2 kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq.

Gözəl təşəbbüs, gözəl layihə, gözəl nümunədir!

Zənnimcə, minnət kimi, başa qaxmaq kimi anlaşılmaz, bu niyyətdən haşa uzağıq. Sadəcə, xatırlatmaqda yarar var: bütün bunları Qarabağ bölgəsi işğala məruz qalmış, erməni tapdağı altında olduğu 30 il ərzində torpaqlarının 20 faizi yerlə-yeksan edilmiş gənc bir dövlət gerçəkləşdirir. Faktiki olaraq, Qarabağı sıfırdan inşa edirik. Daşı daş üstdə qalmamış rayonlarımızın hər birində həyat yenidən canlanır, BÖYÜK QAYIDIŞ proqramı uyğulanır. Özbəkistan və Qazaxıstanın tikdirdiyi məktəblər xaricində kim əl tutur bizə? Bütün proyektləri Azərbaycan öz pulu, öz gücü ilə gerçəkləşdirir. Əlbəttə, dövlətimiz qürurludur və heç kimə ağız açmır, yardım-filan da istəmir. Deməyimiz odur ki, milyonlarca qaçqın-köçkünü doğma yurd-yuvasında yerbəyər etməmiş zəlzələdən zərər çəkənlərin harayına çatmaq, həyatlarına sahib çıxmaq bir nümunədir: QARDAŞLIQ NÜMUNƏSİ!

Mövsüm Novruzoğlu,

AzNews.az portalının beynəlxalq xəbərlər şöbəsinin redaktoru