- Redaktor masası
- 18 İyul 2024 11:34
- 12 596
DİM-in dinləmə testləri: Məleykə Abbaszadə bacarıq ölçür ya yaddaş?

Məlum olduğu kimi, hazırda bütün dünyada dil bacarıqları 4 blok üzrə ölçülür: Oxu, Yazma, Danışma, Dinləmə.
İndi görək bizim DİM dinləmə hissəsində hansı suallar salır. Bizim ali məktəblərdə ingilis dili üzrə rəsmi təhsil standartımız B2 səviyyəsi olduğu üçün DİM dialoq mətnlərini B2 səviyyəsində salmalıdır.
Youtube-də B2 səviyyəsində 10 minlərlə dialoq mətnləri var və DİM-in bu səviyyə ilə bağlı gözə kül üfürməsinə gərək yoxdur. Məsələn, B2 səviyyəsi üzrə bir nümunədə dialoqun mövzusu belədir: "Günümüzdə nədən bir çox insanlar onlayn alış-veriş edir?"
Söhbət zamanı qadın onlayn alış verişin müsbət və mənfi tərəflərindən danışır. Bu cür mətnlər üzrə suallar da həmin müsbət və mənfi tərəflərlə bağlı olur. Yəni söhbətin məzmununu B1-in üst və B2-nin alt səviyyəsində belənlər belə suallara doğru cavab verəcək.
Bəs, DİM necə edir?
Son imtahanda dialoq bir kişinin oteldə nömrə götürməsi ilə bağlı idi. Kişi resepşna yaxınlaşır, otelin xanım işçisi ona nömrə verir, səhər yeməyi və digər məsələlərlə bağlı suallarını cavablandırır. İlk baxışda hər şey yaxşıdır. Amma 2 sorun var. 1-cisi dialoqun danışıq tempi B2 səviyyəsində deyil, daha sürətlidir. İkinicisi, DİM dialoqla bağlı belə bir sual qoyur: Müştəri nömrədən resepşna hansı düyməni basaraq telefonla zəng edə bilərdi? Dialoqda tutaq ki, "3" deyilib. Saylar A1, yəni başlanğıc səviyyəsində kəlimələrdir və doktorantura imtahanına gedən şəxsin ən azı 1000-ə qədər olan sayları bilməməsi mümkün deyil. Ancaq məsələ bundadır ki, dialoq zamanı bir neçə rəqəm işləndiyindən zəng düyməsini yadda saxlamaq praktiki olaraq mümkün deyil. Vəziyyəti belə təsəvvür edin. Məmməd Londonda otelə daxil oldu, resepşna yaxınlaşdı, nömrə götürdü, restoranla, səhər yeməyi ilə və s. qalmaq üçün zəruri məsələlərlə maraqlandı. Ona resepşnla əlaqə saxlaya biləcəyi telefon nömrəsi deyildi. Məmməd deyilən rəqəmi başa düşdü, amma odasına çatana qədər unutdu. DİM yaddaş yoxlaya bilməz, onun işi Məmməd ingilis dilində başa düşdümü, düşmədimi sualına aydınlıq gətirməkdir.
Doktoranturaya qəbul imtahanlarında toplana biləcək maksimum bal 50-dir. DİM C1 və C2 səviyyəsində suallar qoyulduğundan B2 səviyyəsində ingilis dilini bilən şəxs 17 bal dərhal itirir.
Qaldı 33 bal. Minimum keçid balı 25 olduğundan B2 səviyyəli dil istifadəçisi 25-33 aralığında bal toplamalıdır. B2 səviyyəsinin standartında səhv etmək imkanı var. Deyək ki, B2 səviyyəsində 10 sual var və hər sual 1 baldır. Burada B2 səviyyəli dil istifadəçisi 7 suala (!) səhv cavab verə bilər. Ən azı 2-3 balını da DİM konyuktura ilə aparsa., təbii ki o, imtahandan keçə bilməyəcək.
Beləliklə, çox sadə bir məsələdən də görürük ki, DİM doktoranturaya qəbul imtahanlarında iddiaçılara süni problem yaradır.
Nədir məqsəd?
DİM-in özbaşınalıqlarının elmə, təhsilə, hüquqa, pedoqogikaya heç bir dəxli yoxdur. Odur ki, DİM-in imtahan konyukturalarını normal arqumentlərlə izah etmək mümkün deyil. Bütün danışdıqları nağıldır, cəfəngiyyatdır. Ağla gələn yeganə inandırıcı səbəb budur ki, DİM Azərbaycanda qara təhsil bazarının genişlənməsində maraqlıdır və "kəshakəs maşını" düzəltməklə iddiaçıları hazırlıq kurslarına yönəldir.
AzNews.az