- Redaktor masası
- 23 İyul 2024 18:10
- 12 024
Paşinyan Bakıya gəlir? - ŞƏRH

İrəvanda nəşr olunan "Hraparak" qəzeti Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət edərək Baş nazir Nikol Paşinyanın noyabr ayında Bakıda keçiriləcək COP29 konfrasında iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
Cavab belə olub ki, hazırda məzuniyyətdə olan Nikol Paşinyan işə qayıtdıqdan sonra- avqust ayında mətbuat konfransı keçirməyi planlaşdırır və Bakıda keçiriləcək COP29 sammitində iştirakla bağlı qərarını da orada açıqlayacaq.
Bəs, Paşinyan noyabrda Bakıya gələ bilərmi?
Fikrimizcə, Nikol Paşinyanın COP 29 tədbirində iştirak etmək üçün Bakıya gəlməsi ehtimalını proqnozlaşdırmaq üçün ilk növbədə mövcud vəziyyəti, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərini nəzərə almaq lazımdır.
Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi və digər tarixi problemlər səbəbindən münasibətlər daim gərgin olub və bu gərginliklər hələ də davam edir. Son dövrlərdə Azərbaycan Qarabağ savaşının qalibi olaraq sülh müqaviləsinin imzalanmasına ardıcıl cəhd göstərsə də, bu istiqamətdə hələ tam razılıq əldə edilməyib. Bu kontekstdə Ermənistan Baş nazirinin Bakıya səfəri ilk növbədə ciddi diplomatik səriştə və incəlik tələb edir. Paşinyanın bu səriştə və incəliyə malik olması şübhəlidir.
Bundan başqa, heç şübhəsiz, Nikol Paşinyan Bakıya son dərəcə mötəbər təhlükəsizlik təminatı alaraq gələ bilər. Rəsmi Bakının bu sarıdan problemi yoxdur. Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı tədbirdə Ermənistan rəsmilərinin təhlükəsizliyi ən yüksək səviyyədə qorunacaq. Bununla belə, Nikol Paşinyanın hətta ən mötəbər təhlükəsizlik tədbirləri müqabilində də Bakıya səfər etməyə cəsarət edəcəyi sual altındadır.
Mümkündür ki, COP29 kimi beynəlxalq tədbirdə iştirak etmək üçün tərəflər siyasi gərginlikləri kənara qoymağa çalışsınlar. Azərbaycan Paşinyanın Bakıya gəlməsində maraqlıdır ona görə ki, bununla həm gərginlik atmosferini yarmış, həm də COP29-un beynəlxalq ictimai rəyə kommunikasiyasında psixoloji üstünlük əldə etmiş olacaq. Eyni zamanda, beynəlxalq ictimaiyyətin təsir və vasitəçiliyi ilə baş tuta biləcək səfərdə Azərbaycan və Ermənistan liderlərinin Bakıda görüşü sülh prosesinə dəstək ola bilər.
Nikol Paşinyanın çözməli olduğu daha bir məsələ isə öz cəmiyyətinin reaksiyasıdır. Məğlub erməni cəmiyyətinin təslimçi hesab etdiyi Baş nazirin Bakıya getməsinə təlaşla yanaşması qaçılmazdır.
Odur ki, mövcud vəziyyəti və tərəflər arasında davam edən gərginliyi nəzərə alaraq, Nikol Paşinyanın Bakıya gəlməsi ehtimalı azdır.
Ancaq sülh təşəbbüsləri çərçivəsində bu səfər baş tuta və tərəflər arasında dialoqun qurulmasına kömək edə bilər.
Odur ki, daha dəqiq proqnoz vermək üçün yaxın həftələrdə baş verəcək diplomatik təmasların inkişafları izləmək və hər iki tərəfin rəsmi açıqlamalarını gözləmək lazımdır.
Mövsüm NOVRUZOĞLU,
AzNews.az