- Redaktor masası
- 1 Dekabr 2024 23:22
- 12 549
Laçın Günün, Laçınlı günün mübarəkdir, Laçın millət!
Dəyərli Taleh Şahsuvarlı Laçın Günü ilə bağlı çox təsirli bir status paylaşıb. Orada dədə-baba yurduna baş çəkərkən özünün və oğlunun keçirdiyi hisslərdən, onlara necə güc gəlməsindən bəhs edilir. Laçının, eləcə də digər bölgələrimizin işğaldan qurtarmasından təkcə bir ailə, o yurd yerlərimizdə yaşamışlar, yaxud kökləri həmən torpaqlarımıza bağlı soydaşlarımız deyil, əslində millət olaraq hamımız güc almışıq.
Millətlərlə fərdlər arasında isə bir məsələdə tam bənzərlik var. Ahıllıq dövründə fərdlər daha çox keçmişlə yaşadıqları, o zaman baş verənləri bir az da romantikləşdirib xatırlamaqla özlərini ovundurduqları kimi belə demək mümkünsə, qoca millətlər də təqribən eyni şeyi edirlər. Gənc millətlər, gəncləçmiş millətlər isə daha çox gələcəyə fokuslanırlar, çünki onlardakı güc, enerji bunu diqqtə edir.
Artıq dörd ildir ki, biz ikincilərin sırasındayıq. Yəni daha gənc dövlətin qoca milləti yox, gənc millətin qosqoca dövlətiyik. Millət olaraq indi qüdrətli keçmişimizi xatırlamaqdan çox, böyük gələcək haqqında düşünməyimizin səbəbi də məhz bununla bağlıdır- ikinci Qarabağ savaşındakı qələbəmiz bizi qürurlandırdığı kimi həm də gücləndirdi, enerjiləndirdi və gəncləşdirdi. Bir sözlə, millətimiz özü özünü yenidən doğdu.
Orasını da deyim ki, ikinci Qarabağ savaşı tək vətən deyil, dövlət uğrunda savaşıydı. Və burada həlledici faktor hərbi potensialdan çox, milli ruh idi. Müzəffər Ali Baş Komandanımızın liderliyi ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam təmin etməklə məhz əsl dövlət olduğunu, o adı bir çoxları kimi formal daşımadığını təsdiqlədi. Bunun böyük güclərin qarşı çıxmalarına rəğmən baş verməsi, bizi torpaq itkisi ilə barışdıra bilməmələri azərbaycanlı ruhunun onlarınkının üzərində qələbəsinin təntənəsiydi. Ona görə cənab İlham Əliyev bildirir ki, torpaqlarımızı işğaldan dövlətimizin gücü, xalqımızın ruhu qurtardı.
Laçın Günün , Laçınlı günün mübarəkdir, Laçın millət!
Sahib Alıyev,
Milli Məclisin deputatı