- Redaktor masası
- 31 İyul 22:12
- 3 648
Rusiya Ukraynada niyə qələbə qazana bilməz? - ANALİZ

Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralında başladı. Artıq 3 ildən çoxdur ki, Ukrayna çöllərində amansız bir savaş gedir. Hər iki tərəfdən itkilərin təxmin olunan sayı 1 milyon nəfər civarındadır. Milyonlarla mülki şəxsin də müharibədən birbaşa zərər çəkdiyini nəzərə alsaq, 21-ci ərsin utanc savaşını izləməkdəyik. Müharibənin ilk günlərində Kremlin “xüsusi hərbi əməliyyat” adlandırdığı işğal planının tez bir zamanda başa çatdırılacağı və Kiyevdə Moskva yönümlü hakimiyyətin qurulacağı güman edilirdi. Kremlin propoqandistləri və trolları ən qısa zamanda Rusiyanın qüdrətinin ibrəti-aləm bir şəkildə nümayiş olunacağından dəm vururdular. Lakin modernləşmə dövründə keçdikləri tarixi yolu, ayrıca millət kimi formalaşma faktını nəzər almaq istəmədikləri ukraynalıların sərt müqaviməti ilə üz-üzə qaldılar.
Qısa zamanda rus tankları Ukrayna çöllərində bataqlığa düşdü, Putinin və ətrafındakı hərbi-siyasi elitanın müasir müharibələrin dinamikasını, Qərbin reaksiyasını və Ukrayna xalqının müqavimət əzmini düzgün qiymətləndirə bilmədiyi ortaya çıxdı. Böyük təcrübəsinə, Ukrayna savaşına qədər beynəlxalq miqyasda mövcud olan xarizmanına rəğmən Rusiya Prezidentinin neo-imperialist fantaziyalar burulğanında təhlil edə bilmədiyi bir gerçəklik vardı. 21-ci yüzildə konvensional güclə ərazi zəbt etmək, ilhaq gerçəkləşdirmək mümkün deyil, indi Makedoniyalı İskəndər, Çingiz xan, Napaleon çağı deyil, Hitler çağı heç deyil. Dünyada hakim güc olmağın yalnız bir yolu var- elmi və texniki tərəqqi!
Rusiya-Ukrayna savaşının nə vaxt və necə qurtaracağı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi diskussiya mövzusudur. Nəzəri olaraq bir neçə variant gözdən keçirilə bilər.
Hazırda reallığa ən yaxın görünən ssenari belə ola bilər ki, atəşkəs elan olunur, savaş dondurulur. Bu variantda qoşunlar son döyüş mövqeyində qalır, amma sülh müqaviləsi imzalanmır. Arada atəşkəs pozulsa da, heç bir tərəf cəbhəboyu situasiyanı dəyişən həmlələr etmir. Bu, Rusiya üçün məqbul ssenaridir, çünki işğal etdiyi əraziləri heç kim hüquqi baxımdan tanımasa da, faktiki nəzarətdə saxlamaq üçün bir növ legitimlik əldə edir. Lakin Ukrayna bu ssenarinin reallaşması üçün ərazilərinin işğaldan azad etməsi üçün Rusiyadan həm də müəyyən öhdəliklər tələb edir.
İkinci ssenaridə Ukrayna Rusiya üzərində nisbi qələbə qazanır, müəyyən ərazilər geri alınır, bunun müqabilində ciddi siyasi və iqtisadi böhranla üzləşmiş Rusiyada hakimiyyət dəyişikliyi baş verir. Həm Ukraynada, həm də Rusiyada baş verən hakimiyyət dəyişikliyi nəticəsində tərəflər yenidən diplomatic masaya oturur, müzakirələr aparırlar.
Üçüncü, amma ən aşağı ehtimal Rusiyanın öz işğal faktını Ukraynanın əldən düşməsi, Qərbin assimetrik savaşdan yorularaq Kiyevi satmasıdır. Bu, sadəcə Ukraynanın deyil, Qərbin də məğlub olması və Rusiyanın mərkəzi Avropanı nüfuz altına alması deməkdir. Odur ki, bu xoşbəxtliyi kimsə Kremlə yaşatmaz.
Nəhayət, ən çətin, amma gec-tez baş verəcək ssenari. Ukrayna Qərbdən aldığı güclü dəstək və Rusiyanın içəridən çökməsi sonucunda əks-hücum əməliyyatları həyata keçirərək işğalçıları öz ərazilərindən birdəfəlik qovur.
Hazırda vəziyyət necədir?
• Rusiya strateji olaraq zəifləyib, lakin hələ tam çökməyib.
• Ukrayna cəsarətli müqavimət göstərir, lakin iqtisadi və hərbi imkanları uzunmüddətli savaş üçün yetərli deyil.
• Qərb “asta gedən, usta gedər” prinsipi ilə aram-aram qazanan tərəf durumundadır və Rusiyanı tədricən izolyasiyaya itələyərək bir növ İranın gününə salır.
Fəqət bütün ciddi müşahidəçilərə, rasional ekspertlərə və strateji düşüncəyə sahib siyasi analitiklərə bir şey məlumdur. Rusiya Ukrayna savaşında qələbə qazana bilməz.
Niyəsini bir-bir sadalayım.
Öncə onu yada salaq ki, müharibə artıq, əslində, ilk günündən bəri Rusiya ilə Ukrayna arasında yox, Qərblə gedir. ABŞ və NATO-nun birqütblü dünyadakı təhlükəsizlik maraqları Rusiyanın revanşist planları ilə üzə-üzədir. Odur ki, Rusiyanın diktə etdiyi bir kapitulyasiya aktını Ukrayna heç zaman imzalamayacaq. Tam əksinə, Ukrayna işğalla barışmayaraq ən sonda və bütün hallarda bu savaşdan qalib çıxacaq. Çünki arxasında daha üstün güc var.
Digər bir tərəfdən, müasir dövrün reallığı fərqlidir. Fiziki ərazi işğallarına legitimlik qazandırmaq mümkün deyil. Qarabağ separatistləri hər nə qədər çalışsalar da, buna nail ola bilmədilər. Çünki beynəlxalq hüquq dövrün siyasi şüuruna öz prinsiplərini yeridib. Bu səbəbdən Rusiya nə hərbi, nə hüquqi, nə də diplomatik baxımdan "qalib" status əldə edə bilməz.
Daha bir vacib məsələ, Kremlin resursların tükənməsi və texnoloji geriliyidir. Üç il ərzində Rusiya hərbi arsenalının mühüm bir hissəsini itirib, hətta İran və Şimali Koreya kimi dövlətlərdən “dayandoldurum” texniki vasitələr alır. Bu savaş göstərdi ki, Rusiyanın ötən əsrin 80-ci illərində “Qırmızı meydan”da parada çıxardığı tanklar müasir hərb üçün potensial metallomdur və yeni texnologiyaya sahib olmadan irimiqyaslı müharibədə qalib gəlmək artıq mümkün deyil.
Rusiya niyə elmi innovasiyada geri qalır? Sualın cavabını, dördüncü punkt olaraq, Rusiyanın daxili iqtisadi və siyasi sistemində axtarmaq lazım. Belə bir deyim var, əri döymüş arvadı, it də tutdu bir yandan. Rusiya onsuz da elmi-texniki rəqabətdə Qərbdən geri qalırdı, üstəlik üzləşdiyi sanksiyalarla iqtisadi və texnoloji izolyasiyaya düşdü. Müharibə ilə bağlı Moskvanın propoqandası heç yerdə, ən əsası, Rusiya ərazisində işləmir və qıcıq doğurur.
Ən başlıcası, Ukrayna ordusunda olan vətənə sədaqət duyğusu Rusiya Silahlı Qüvvələrində yoxdur. Çünki rus əsgəri, zabiti, generalı Ukrayna ərazisində işğalçı kimi, amma Ukrayna fədaisi ana vətəninin keşikçisi kimi döyüşür.
Bütün bunları nəzərə aldıqda, hansı kəndi, hansı şəhəri zəbt etməsindən, hər gün neçə bina dağıtmasından asılı olmayaraq, Ukrayna ilə savaşın Rusiya üçün çox böyük bir risk yaratdığını görürük. Bu risk Rusiyanın ideoloji arsenalının tamamilə iflasa uğramasından yaranır. Bu gün dünyada heç bir dövlət Rusiyanı açıq mətnlə dəstəkləyə bilməz, bu, cəhənnəmə gedənə yoldaşlıq etməkdir. Fəqət müharibə uzandıqca Ukrayna cəbhəsindən gələn və əhəmiyyətsiz qarşılanan tabutlar Rusiyanın sosial münasibətlər sisteminə müəyyən müddətdən sonra üsyanlar vəd edir.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru