- Redaktor masası
- 08:00
- 787
İran martdan çıxmaya bilər
ABŞ-İran qarşıdurmasında vəziyyət kritik mərhələyə çatıb. Faktlar və təhlillər göstərir ki, İran danışıqları uzatma strategiyasına üstünlük verir, ABŞ isə diplomatik prosesləri sonsuz gözləyə bilməz. ABŞ üçün vəziyyətin operativ həlli artıq qaçılmazdır, çünki hərbi və strateji imkanlar tamamilə hazır vəziyyətə gətirilib.
ABŞ donanması və aviasiyası bölgədə yerləşdirib. USS Gerald R. Ford gəmisinin təcrübəsi göstərir ki, ABŞ bölmələri sanitar problemlərlə üzləşib. Şəxsi heyətin uzun müddət ailələri ilə əlaqə saxlaya bilməmələri stress və şikayətlər yaradır. Tualet və sanitar sistemlərindəki məhdudiyyətlər heyətin gündəlik funksiyalarına təsir edən problemlər əməliyyatın tezliklə icrası üçün komandanlıq üçün əlavə çağırışdır. Bu amillər ABŞ ordusunun rəhbərliyini əməliyyata başlamaq üçün tezliklə qərar verməyə sövq edir. Çünki danışıqların uzanması nəticəsində yaranan gözləmə müddəti həm resurs itkisi, həm xərclərin artması, həm də heyətin motivasiyasının azalması baxımından problem yaradır.
ABŞ-ın İranı vurması üçün bəhanəyə ehtiyacı yoxdur. Tehran rejimi öz nüvə proqramı, ballistik raket arsenalı və proksi qüvvələri ilə bölgə və müasir dünya üçün təhdiddir. ABŞ-ın bölgəyə bu qədər qüvvə yığandan sonra geri çəkilməsi İran və himayəsindəki Hizbullah, HƏMAS, Husilər kimi qüvvələrin meydanda at oynatması mənasına gələr. ABŞ bu qüvvələri meydanda görmək istəmir. Əks halda, Çinlə uzunmüddətli rəqabətdə qalib gəlməsi mümkün deyil. Odur ki, bu həftə ABŞ və İran arasında keçiriləcək danışıqlar son raund ola bilər.
Əgər müharibə başlayacaqsa, qısa müddətli olacaq. İran vəd etdiyi cavabların heç birini verə bilməyəcək. Bir neçə saat, bir neçə gün, bir neçə həftə ərzində davam edə biləcək zərbələr nəticəsində Tehran rejiminin təslim olmaqdan başqa çarəsi qalmayacaq. Buna baxmayaraq, Tehran rejimi konullu olaraq kapitulyasiyaya getmir. etmir. ABŞ prezidenti Tramp da İranın bu tövrünü təəccüblə qarşılayır.
Bəs, İran nəyə güvənir və nədən ABŞ-ın şərtlərini qəbul etmir?
Zənnimizcə, bu, Xəmneyi və onu dəstəkləyən fars şovinist mərkəzin strateji planı ilə izah oluna bilər. Teokratlar hesab edir ki, kapitulyasiya müqabilində ABŞ-la razılaşmaq və rejimi qorumaq mümkündür. Başqa sözlə, Xəmneyi və "dərin Tehran" İranı Vaşinqtona özləri satmaq istəyir. Bu taktika məsələyə sadə yanaşanda paradoks kimi görünə bilər. Ancaq bu mürəkkəb kombinasiyanı eninə-boyuna incələyəndə qəliz məqamlar tamamilə açılır. Tehran rejimi hərbi məğlubiyyəti "Allahın imtahanı" kimi də ictimai rəyə sırıya bilər. Əsas niyyətləri odur ki, post-Tramp dövrü üçün revanş imkanı əldə etsinlər.
Fəqət bu plan bir neçə səbəbdən baş tuta bilməz.
Əvvəla, ABŞ və İsrail "çibanı kökündən təmizləmək" niyyətindədir. Bu, Pentaqon prizmasından doğru yanaşmadır ona görə ki, 12 günlük müharibədən sonra yaşananlar- məsələn, nüvə proqramının davam etdirilməsi - göstərdi ki, bu qədər xərc-xəsarətdən sonra Tehranı yarımcan saxlamaq belə təhlükəlidir.
İkincisi, Tehranın bel bağladığı Moskva və Pekinin də İranı heç bir halda müdafiə etmək imkanı yoxdur.
Üçüncüsü, hərbi müdaxilə olmasa belə, İran istər tarixi, istərsə də müasir planda uzunmüddətli rəqabətə tab gətirə bilməz.
Beləliklə daralan çəmbər onu göstərir ki, İran martdan çıxmaya bilər.
Taleh ŞAHSUVARLI