- EKONEWS
- 31 Yanvar 2024 10:34
- 5 588
Rövzət Qasımov: “Azərbaycan elektron səsverməni sınaqdan keçirəndə Avropanın bir çox ölkəsi bu barədə düşünmürdü”
“Mən 2004-2007-ci illərdə Avropa Şurası Nazirlər Komitəsinin xüsusi işçi qrupunun üzvü olmuşam və orada elektron səsvermə imkanları müzakirə olunurdu. Avropada tam elektron səsverməni tətbiq edən yeganə ölkə Estoniyadır. Fikrimcə, bu, Estoniyada daha rahatdır, çünki eston soyuqqanlılığı elektron səsverməni tətbiq etməyə şərait yaradır”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
Sədr müavini qeyd edib ki, elektron səsvermə İsveçrə, İngiltərə və Niderland Krallığında da pilot layihə olaraq tətbiq olunub: “Lakin bunların hamısı sonradan dayandırılıb. Çünki süni intellekt, yüksək texnologiya nə qədər inkişaf etsə də, peşəkarlıq, müəyyən prosedur və əməli tərəflər baxımından onlayn səsvermə lazımi səviyyədə etimad doğurmur. Elektron səsvermənin də iki forması var: məntəqədə və məntəqədən kənarda internet üzərindən. Hələ ki, mütəxəssislər bu məsələ ilə əlaqədar yekdil fikrə gəlmədiyi üçün elektron səsvermə gündəmə çevrilmir. Amma onu da qeyd etməliyəm ki, Azərbaycan ilk elektron səsverməni 2001-ci ildə təkrar parlament seçkiləri zamanı bir neçə məntəqədə sınaqdan keçirib. Yəni Azərbaycan elektron səsverməni sınaqdan keçirəndə Avropanın bir çox ölkəsi heç bu barədə düşünmürdü. Əgər gələcəkdə bunun etibarlı sistem olduğu qənaətinə gəlinərsə, böyük məmnuniyyətlə sözügedən məsələ barədə düşünəcəyik”.