• EKONEWS
  • 5 Fevral 2024 18:32
  •  5 690

MŞ sədri: “Seçki günü “qaynar xətt” jurnalistlərin xidmətində olacaq”

“Seçki prosesinin ilk iki mərhələsində Azərbaycan mediası kifayət qədər peşəkar davrandı. Apardığımız müşahidələr onu göstərdi ki, media subyektləri ümumilikdə seçki prosesi və onun texniki prosedurları barədə kifayət qədər məlumatlandırıcı və maarifləndirici materiallar hazırlayaraq yayımladılar. Namizədlərin seçki platformaları müvafiq media subyektlərində ödənişsiz şəkildə auditoriyaya çatdırıldı. Bu mərhələdə diqqət çəkən məqamlardan biri də bu oldu ki, təşviqat prosesində heç bir “qara piar” elementinə yol verilmədi. Ümidvarıq ki, sonuncu mərhələdə - səsvermə günündə də media subyektlərinin və jurnalistlərin davranışları peşəkar prinsiplərə uyğun olacaq”. Bu sözləri secki-2024.az saytına açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid deyib.

MŞ sədri vurğulayıb ki, Mətbuat Şurası 7 fevral seçkiləri ilə bağlı gerçəkləşdirdiyi fəaliyyətin sonuncu mərhələsi ərəfəsindədir. Bu mərhələdə jurnalistlərin bilavasitə səsvermə prosesini işıqlandırmaları nəzərdə tutulur: “Seçki günü MŞ-da yaradıla­caq “qaynar xətt”i vurğulamaq istərdim. 2005-ci ildən indiyədək keçirilmiş bütün seçkilərdə bu təcrübədən sitifadə olunub və səmərəliliyi də təsdiqlənib. Səsvermə prosesini işıqlandıracaq jurnalist­lər MŞ-nın “qaynar xətt” rejimində çalışacaq nömrələri ilə əlaqə saxlamaq imkanı əldə edəcəklər. Müraciətlər olacağı təqdirdə, yaranmış çətinliyin aradan qaldırılması üçün tərəfimizdən operativ tədbirlər görüləcək. Aydın məsələdir ki, bu zaman müvafiq ins­tansiyalarla əlaqəli iş aparılacaq”.

MŞ sədri daha sonra qurumun İdarə Heyətinin üzvlərinin paytaxtda və bölgələrdəki seçki məntəqələrində jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış şəraiti müşahidə edəcəklərini də bildirib.

Rəşad Məcid həm Mətbuat Şurasının, həm də bütövlükdə Azərbaycan mediasının qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əmin olduğunu vurğulayıb: “Azərbaycan mediası bu günədək bütün sınaqlardan üzüağ, al­nıaçıq çıxdığı kimi, əminəm ki, bu seçkilərin işıqlandırılmasında da obyektiv mövqe tutacaq, dövlətçilik prinsiplərini cəmiyyətin maraqları ilə peşəkarlıqla uzlaşdıracaq”.