Nərimanovda ağacların kütləvi şəkildə kəsilməsinin SƏBƏBİ MƏLUM OLDU

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə aydınlıq gətirilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O qeyd edib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub:

"Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının quruduğu müəyyən edilib. Ağaclar xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib".

İ.İbrahimovanın sözlərinə görə, quru ağacların götürülməsi işləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyata keçirilib.