- Fanat
- 8 Oktyabr 2022 23:55
- 6 358
Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"
"Üç ildən sonra Azərbaycan millisinə dəvət aldığım üçün şadam"
"Üç ildən sonra Azərbaycan millisinə dəvət aldığım üçün şadam. Bu formanı fəxrlə geyinirəm".
Aznews.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Amadeu federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Karyerasını ölkəsinin "Marreko" klubunda davam etdirən braziliyalı hücumameylli yarımmüdafiəçi daim oynadığını və yaxşı forma yığdığını bildirib: "Ona görə də işimi orada davam etdirməkdən məmnunam. Amma hər zaman baş məşqçinin milli üçün çağırışına da hazıram. Yığmanın bütün oyunlarında iştirak etməyi çox istəyirəm. Əlbəttə, məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Dünənki oyun və əzmkarlıq göstərdi ki, bunun öhdəsindən gələ bilərik".
Bakıda Polşa yığmasını 4:3 hesabı ilə məğlub etdikləri dünya çempionatının əsas seçmə mərhələ oyununa da toxunan 32 yaşlı vinger qələbə münasibətilə hamını təbrik edib: "Çox çətin oyun oldu. Rəqibimiz də sonadək mübarizədən qopmadı, təslim olmaq istəmirdi. Nəticədə ağır, gərgin qarşılaşma izlədik. Komanda yoldaşlarım meydanda gücləri çatdığı qədər mübarizə apardılar. Yekunda əməyimizin mükafatı olaraq qələbə qazandıq".
Təcrübəli futzalçı oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcəkləri görüşdən də söz açıb: "Komanda yoldaşlarım bu rəqibə qarşı mübarizə aparıb. Düzdür, hər iki oyunda qələbə qazanmışıq. Amma bu işimizi asanlaşdırmır, əksinə daha məsuliyyətli olmalı, arxayınlığa yol verməməliyik. İnanıram ki, Afina səfərini də 3 xalla başa vuracağıq və ən azı marta qədər zirvədəki yerimizi qoruyacağıq".