PFL-dən II Liqa Klublarına “Adidas Tiro Pro” topları ilə dəstək

Peşəkar Futbol Liqası (PFL) II Liqada mübarizə aparacaq klublara yeni mövsümdə maddi-texniki baxımdan dəstək göstərmək məqsədilə hər bir komandaya 20 ədəd futbol topu təqdim edəcək. 2025/2026 mövsümündə II Liqa iştirakçıları məşhur idman brendi “Adidas”ın “Tiro Pro” model toplarından istifadə edəcəklər. Bu təşəbbüs, liqa komandalarının oyun keyfiyyətini artırmaq, məşq və rəsmi qarşılaşmalar zamanı daha peşəkar inventarla təmin olunmasını hədəfləyir.

PFL-in bu addımı ölkədə futbolun kütləviliyinə və regionlarda idmanın inkişafına töhfə verən əhəmiyyətli dəstək mexanizmlərindən biri kimi qiymətləndirilir. Xüsusilə II Liqa klubları üçün inventar təminatı, həm gənc futbolçuların peşəkar hazırlığa uyğunlaşmasını, həm də ümumi oyun səviyyəsinin yüksəlməsini təşviq edir. “Adidas Tiro Pro” topları hazırda dünyanın bir çox yüksək səviyyəli liqalarında istifadə olunan, texniki göstəriciləri ilə seçilən məhsullardandır. Bu isə oyunların sürətini, dəqiqliyini və ümumi dinamizmini artırmaqla yanaşı, futbolçuların texniki bacarıqlarını daha effektiv nümayiş etdirməsinə imkan yaradacaq.

Belə layihələr yalnız maddi dəstək deyil, həm də futbolçuların motivasiyasını artıran mühüm amildir. II Liqa üçün göstərilən bu diqqət gələcəkdə daha güclü komandaların formalaşmasına, eləcə də Azərbaycan futbolunun ümumi səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

AzNews.az