Sergen durnanı gözündən vurur: "Beşiktaş"a 2 ulduz birdən!

Transfer çalışmalarını sürətləndirən Beşiktaş iki dünyaca məşhur futbolçunu eyni vaxtda heyətinə qatmaq niyyətindədir. “Qara qartallar”ın gündəminə Səudiyyə Ərəbistanının “Al-Hilal” klubunda çıxış edən portuqaliyalı sağ cinah müdafiəçisi Joao Cancelo və İngiltərənin “Arsenal” klubunun braziliyalı hücumçusu Gabriel Jesus daxil edilib.

Hazırlıqlarını Antalyada davam etdirən Beşiktaşda baş məşqçi Sergen Yalçının da razılığı ilə transfer siyahısına iki dünya ulduzu əlavə olunub.

Sağ cinah üçün əsas hədəf – Cancelo

Sağ bek mövqeyi üçün axtarışlarını davam etdirən Beşiktaş “Al-Hilal” forması geyinən Joao Cancelo ilə yaxından maraqlanır. Səudiyyə klubunda əvvəlki mövqeyini itirdiyi bildirilən təcrübəli futbolçu Avropaya qayıtmağa müsbət yanaşır.

Maaş problemi üçün formul axtarılır

İllik maaşı təxminən 15 milyon avro olan Cancelo üçün Beşiktaş rəhbərliyi maliyyə maneəsini aşmaq məqsədilə xüsusi formul üzərində çalışır. Plana əsasən futbolçunun maaşının bir hissəsini Beşiktaş, qalanını isə “Al-Hilal” qarşılayacaq. Müqaviləyə performansa bağlı satınalma opsiyasının əlavə edilməsi də nəzərdə tutulur. 31 yaşlı futbolçu üçün rəsmi addımların atılmasına hazırlaşıldığı bildirilir.

Digər hədəf – Gabriel Jesus

Beşiktaşın transfer siyahısındakı digər ulduz isə “Arsenal”ın hücumçusu Gabriel Jesusdur. Zədəsini arxada qoyan braziliyalı forvardın transferi üçün “qara-ağlar”ın təxminən 10 milyon avro məbləğində təklif hazırladığı qeyd olunur. 28 yaşlı futbolçunun hazırkı bazar dəyəri isə 20 milyon avro civarındadır. Jesusun London klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Mövsüm göstəriciləri

Gabriel Jesus bu mövsüm “Arsenal”ın heyətində indiyədək 7 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

Beşiktaş rəhbərliyi hər iki transferi reallaşdırmaq üçün danışıqları davam etdirir. Klubda məqsəd yeni mövsüm öncəsi heyəti dünya səviyyəli futbolçularla gücləndirməkdir.

AzNews.az