• Fanat
  • 6 Yanvar 13:53
  •  3 610

“Chelsea”nin yeni baş məşqçisi bəlli oldu: Liam Rosenior

Baş məşqçi Enzo Maresca ilə yollarını ayıran “Chelsea”nin yeni baş məşqçisi rəsmən açıqlanıb.

Acun Ilıcalının sahibi olduğu “Hull City”nin sabiq baş məşqçisi, son olaraq isə Fransanın “Strasbourg” klubunda çalışan Liam Rosenior İngiltərə klubunda vəzifəsinin icrasına başlayacağını bildirib.

Mətbuat konfransında danışan Rosenior bildirib:

“Dünyanın ən böyük klublarından biri olan ‘Chelsea’ ilə danışıqlar apardım. Belə bir klubla adımın hallanması mənim üçün böyük şərəf idi və indi ‘Chelsea’nin yeni baş məşqçisi olacağım açıq-aydın görünür. Bu, inanılmaz bir fürsətdir və inanılmaz bir klubdur. Dünya çempionu tituluna malikdirlər. Heyrətamiz heyətə və möhtəşəm azarkeş kütləsinə sahibdirlər. Bu həm də o deməkdir ki, sevdiyim uşaqlarımı yenidən görə biləcəyəm. Onlar üçün çox darıxmışam”.

“Bu, hər zaman xəyal etdiyim bir şey idi”

“Strasbourg”dan ayrılması ilə bağlı danışan ingilis mütəxəssis qeyd edib:

“Strasbourg’dan ayrılmağımın bir çox səbəbi var. Bu klub üçün nə qədər çox çalışdığımı və bu qərarı heç kimin sorğulaya bilməyəcəyini düşünürəm. Qarışıq hisslər keçirirəm. Gələcək üçün çox həyəcanlıyam. Yalan danışa bilmərəm… Dünya miqyasında böyük bir futbol klubunu çalışdırmaq fürsəti həmişə xəyal etdiyim bir şey olub. Qarışıq duyğular və bir az da kədər var. Duyğusalam. Bu gün ‘Strasbourg’un baş məşqçisi kimi son günümdür”.

“Bir neçə futbolçu ilə danışmışam”

Təcrübəli çalışdırıcı sözlərinə belə davam edib:

“Artıq bir neçə futbolçu ilə danışmışam. Rəsmi açıqlama verildikdən sonra bütün oyunçular və klub əməkdaşları ilə ayrıca danışaraq təşəkkürümü bildirəcəyəm. Onlar olmasaydı, bu gün burada olmazdım. Zamanlama ideal deyil. Dünən Marc Keller və David Weir ilə birlikdə səfərdə idik. Bu, sadəcə böyük bir klubla görüş deyildi, eyni zamanda ‘Chelsea’nin inkişafına və uğur qazanmasına kömək etmək üçün atılan bir addımdır. İnsanların bunun pis bir zamanlama olduğunu deyəcəyini bilirəm…”.

Karyerasına Hull City-də başlamışdı

41 yaşlı Liam Rosenior baş məşqçilik karyerasına 2022–2024-cü illərdə Acun Ilıcalının sahibi olduğu “Hull City”də başlayıb.

Rosenior “Hull City”nin başında 78 oyuna çıxıb və hər oyun üçün orta hesabla 1,40 xal toplayıb. Onun rəhbərliyi altında klub pley-off xəttinə qayıdıb.

“Strasbourg”da isə 63 oyuna çıxan mütəxəssis 1,75 xal ortalaması əldə edib. Gənc futbolçulardan formalaşan komanda ilə liqada 7-ci yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb.

Mövsüm,

AzNews.az