• Fanat
  • 8 Yanvar 17:56
  •  2 214

Avropada Bavariya fırtınası

Avropanın 5 böyük liqasında məğlubiyyətsiz qalan yeganə komanda olan Bayern Münhen, eyni zamanda ən çox qol vuran və ən az qol buraxan kollektivdir. Qırmızı-ağlılar mübarizə apardıqları bütün turnirlərdə əldə etdikləri nəticələrlə azarkeşlərini sevindiriblər.

Bavariya təmsilçisi Bundesliqada keçirdiyi 15 oyunda 13 qələbə və 2 heç-heçə ilə ən yaxın izləyicisi Borussiya Dortmund-u 9 xal qabaqlayaraq lider mövqedə qərarlaşıb.

Vinsent Kompaninin yetirmələri bu göstərici ilə Avropanın 5 böyük liqasında məğlubiyyətsiz qalan yeganə komanda olmağı bacarıb. Bundesliqada oynadığı 15 matçın 8-də qapısını toxunulmaz saxlayan Bayern Münhen rəqib qapılarına 55 qol vurub, cəmi 11 qol buraxıb.

Alman klubu bununla da Avropada ən çox qol vuran və ən az qol buraxan komanda adını qazanıb.

Bavariya təmsilçisi bu mövsüm yeganə məğlubiyyətini Çempionlar Liqasında səfərdə “Arsenal”a qarşı alıb. Qitənin ən nüfuzlu turnirində keçirdiyi digər 5 oyunun hamısını qazanan qırmızı-ağlılar 15 xalla turnir cədvəlində 2-ci pillədə yer alır.

Almaniya Kubokunda da 3 oyunun hamısında qalib gələn Münhen təmsilçisi fevralın 11-də 1/4 final mərhələsində “Leyptsiq”lə qarşılaşacaq. Harri Keyn və komanda yoldaşları mövsümün ilk rəsmi oyununda – avqustun 16-da “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edərək Almaniya Superkubokunu qazanmışdı.

Bayern Münhen 2012–2013 mövsümündə olduğu kimi, bu il də mövsümü 4 kubokla başa vurmağı hədəfləyir.

Mövsüm,

AzNews.az