Üsamə bin Ladenin məhv edilməsinin gizli məqamları- FOTO

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsindən 6 il keçir.

Həmin dövrün 1 nömrəli terrorçusu olan bu şəxsin necə zərərsizləşdirildiyi uzun müddət dünya mediyasının gündəmini zəbt etmişdi.

Üsamə bin Laden 2011-ci il 2 may tarixində Pakistanın Abbatabad şəhərindəki evində Amerikanın xüsusi təyinatlı hərbiçiləri tərəfindən zərərsizləşdirilib. “Neptun Nizəsi” adı altında icra olunan əməliyyatın icrasına sabiq ABŞ prezidenti Barak Obama sərancam verib. Əməliyyatdan sonra Amerika hərbi qüvvələri tibbi müayinə üçün onun meyitini Əfqanıstana gətiriblər. Daha sonra elə həmin gün onun meyiti dənizə atılıb. Hadisədən sonra əməliyyatın gizli məqamları da üzə çıxmışdı.

AzNews.az ziddiyyətli məqamları təqdim edir.

“Əl-Qaidə” terror təşkilatının banisi və sabiq lideri dünyanın müxtəlif yerlərində törədilən ən dəhşətli terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Bin Laden, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının Afrikadakı səfirliyinə edilən hücuma və 2001-ci il 11 sentyabrda Amerika Birləşmiş Ştatlarında məşhur "əkiz qüllələri"ndə törədilən terror aktına görə də məsuliyyəti öz üzərinə götürmüşdü.

Xüsusitəyinatlıların əsas tapşırığı bin Ladenin yerini müəyyən etmək idi. Bunun üçün isə, Mərkəzi Kəşfiyyat Agentliyinə məxsus gizli həbsxanada və Quantanamo həbsxanasında “Əl-Qaidə”nin söz aparıb-gətirənlərini “təmizləmək” lazım idi. Bin Laden məhz bu kuryerlər vasitəsi ilə əlaqə yaradır və yerini gizli saxlayırmış.

O da məlumdur ki, bin Laden Amerika hərbi hava qüvvələri 1998-ci ildə onun Əfqanıstan və Sudandakı bazasına zərbələr endirdikdən sonra telefondan istifadə etməyib.

2010-cu ildə Mərkəzi Kəşfiyyat Agentliyi kuryerlərdən birini izləyir və bin Ladenin yerini müəyyən etməyə nail olur. Peyk fotoları və əldə olunan kəşfiyyat məlumatları sayəsində Mərkəzi Kəşfiyyat Agentliyi onun Abbatabad şəhərindəki evində olan sakinlərin kimliyini öyrənə bilir. 2010-cu ilin sentyabr ayında Mərkəzi Kəşfiyyat Agentliyi müəyyən edir ki, ev hansısa vacib şəxsi gizlətmək üçün xüsusi olaraq tikilib. Bin Ladenin orada öz gənc xanımı ilə yaşadığı da məlum olub.

Bin Ladenin yeri müəyyən edildikdən sonra Barak Obama 14 mart tarixində təhlükəsizliklə bağlı danışıqlar aparmaq üçün milli müşavirlər ilə görüşür. Görüşlər bir ay davam edir. Nəhayət, 29 apreldə Obama əməliyyatın icra olunmasına əmr verir.

May ayının 1-ində Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru Leon Panetta əməliyyatın başladığını elan edir.

Əməliyyatlarda 24 hərbçi iştirak edib.

Əməliyyat zamanı helikopterlərdən biri qəzaya uğrayır.

Əməliyyat nəticəsində Üsamə bin Ladendən başqa 3 kişi və bir qadın da öldürülüb.

Onlardan bir nəfər bin Ladenin oğlu, biri kuryer, biri kuryerin qardaşı, digəri isə kuryerin həyat yoldaşı olub. Xüsusitəyinatlılar bin Ladeni yataq otağında tapıblar. Bin Ladenin iki xanımı onu otaqda gizlətməyə çalışıb. Onlardan biri amerikalı hərbiçilərə hədə-qorxu gəlib. Lakin hərbiçilər onu ayağından yaraladıqdan sonra bin Ladeni tapıblar. Hərbiçilər terrorçuya sinəsindən, daha sonra başından atəş açaraq onu zərərsizləşdiriblər.

Bəxtiyar abbasov

AzNews.az