Azərbaycan yanğınsöndürənləri hələ də Gürcüstandadır - Fotolar

Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər.

APA-nın Gürcüstan müxbiri hadisə yerindən xəbər verir ki, hazırda FHN-nin yanğınsöndürən maşınları və şəxsi heyəti Daba kəndi yaxınlığında yanğının söndürülməsi ilə məşğuldur.

FHN-in helikopteri də səhər saatlarından etibarən Türkiyə, Gürcüstan və Belarus helikopterləri ilə birgə yanğının qarşısının alınması əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.

AzNews.az