- Köhnə - Günün fotosu
- 21 İyul 2015 14:57
- 7 335
Prezidentin jurnalistlərlə görüşündən - FOTOLAR
“Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”.
AzNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə belə deyib. O, 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirib. Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkədə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını dedi.
"Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur", - deyən Prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. Bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir.
"Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik", - deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.
AzNews.az görüşdən fotoları təqdim edir:













