Avropanın ən nəhəng təhsil ocaqlarının birindən reportaj – Fotolar +Video

Nə az, nə çox düz 650 ildir ki, bu təhsil ocağı dünyanın demək olar ki, bütün ölkələrindən təhsil almağa gələn tələbələri qarşılayaraq elmli, bilikli kadr olaraq yola salır. Bəli, buranı sözün əsl mənasında müqəddəs məkan və ya məbəd adlandırmaq tam yerinə düşər.


Avropanın ən böyük, köklü tarixə malik Vyana Universitetinin yaranmasının bu il 650 illiyidir. Bunu Universitetin qarşısında üzərində 650 il yazılan bayraqlardan da müşahidə etmək olar. 9 professorunun nobel mükafatına layiq görüldüyü Universitetlə tanış olmaq üçün yolumu buradan salıram.




Vyananın mərkəzində "Schottentor" (Şottentor) metro stansiyasının lap yaxınlığında universitetin əsəs korpusu yerləşir. Universitet binasının qədim memarlıq cizgilərinin hələ də olduğu kimi qorunub saxlanması həm də bu memarlıq nümünəsinin bütün dünyaya orijinal olaraq nümayiş etdirilməsidir. 650 illik bir tarixin yaşadığı qədim məbəd müasir dünya elminə yüksək töhfələr verir. Hər bir hissəsində 6 əsrlik tarix yaşayan bu məkanın daş və divarları da insana informasiya ötürür - elm öyrədir.






İçəri daxil olanda nədənsə qapıda dayanan mühafizəçi gözə dəymir. Nə soruşan var hara gedirsiniz, kim lazımdır sizə, nə də sənin üstünü başını axtaran. Sonradan düşünürəm ki, axı niyə yoxlasınlar, niyə soruşsunlar ki? Bura insanlar yalnız elm öyrənməyə gəlirlər. Hər kəs bunu dərk edir, anlayır.




154 məşhur elm adamının büstlərinin yerləşdiyi arkalardan böyük dərs auditoriyalarının, oxu zallarının yerləşdiyi yuxarı mərtəbələrə enli pilləkənlər qalxır. Həyətə daxil olanı və buradan çıxan insanları hər gün bu cansız elm adamları-məşhurlar qarşılayır və yola salır.





Pilləkənlərdə, oxu zallarının qarşısında yerdə oturub kitab oxuyan, nə isə yazıb pozan, bir birləri ilə müzakirə edən tələbələri gördükdə onların dərsə, elmə necə məsuliyətlə yanaşması aydın görünür. Bu mənzərəni universitetin kiçik və böyük yeməkxanalarında da müşahidə etmək olur.






Vyana universitetinin tələbə qəbulundan tutmuş dərslərin bölgüsü, seminarlarda iştirak üçün seçimlər, tələbənin universitetlə bağlı bütün informasiyaları elektron şəkildə aparılır. Hətta 6.5 milyon kitabla zəngin olan böyük kitabxanadan belə dərslikləri elektron formada əldə edib oxumaq mümkündür. Universitetə qəbul olunub tələbə adını aldıqdan sonra tələbə üçün universitetin sistemində şəxsi hesab yaradılır. Bunun vasitəsi ilə tələbə təhsilini təsdiqləyən və təhsil ödənişi haqqında arayışları universitetdə müxtəlif yerlərdə quraşdırılan terminallarda çap edə, bu hesab vasitəsi ilə dünyanın hansı nöqtəsində olursa olsun, seminarlarda iştirak üçün qeydiyyat oluna, kitabxanın onlayın resurslarından istifadə edərək dünyanın hər yerindən kitab axtarış və sifarişlərini icra edə bilər. Sistemin köməkliyi ilə tələbə adını daşıyan hər bir şəxs seminar mövzularının müzakirəsində iştirak etmək hüququna malik olur. Bu sistemdən müəllimlər də özünəməxsus şəkildə faydalanırlar.



Diqqət çəkən məqamlardan daha biri isə, universitetin böyük meydançadan ibarət həyətidir. Burada tələbələr rahat şəkildə təbiətdən zövq alaraq mütaliə ilə məşğul ola və yaxud dərslərinə hazırlaşa bilirlər.




6800-ü elmi işçi olmaqla 9700 işçisi olan nəhəng elm məkanında 140 millətin nümayəndəsi elmin müxtəlif sahələrinə yiyələnir. Buna görə də 93 min tələbənin təhsil aldığı bu universitet elm ocağı olmaqla yanaşı, həm də bir multikultural mərkəz funksiyasını daşıyır. Universitetdə 180 ixtisas üzrə tədris prosesi həyata keçirilir.



Artıq hava qaralmağa doğru gedir. Auditoriyların qarşısında tələbələrin çoxluğundan hiss olunur ki, dərslər yekunlaşıb. Müxtəlif millətdən olan gənclərin bir birləri isti münasibətləri insana xoş təsir bağışlayır.

Həsən BABAYEV
AzNews.az