Keçmiş komitə sədri İcra Hakimiyyətinə qarşı - Məhkəmə

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “İrşad” İslam Araşdırmalar Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı olan iddiası əsasında məhkəmə keçirilib.


Prosesi hakim Elçin Məmmədov idarə edib. Məhkəmədə hər iki tərəfin vəkilləri dindirilib. Məhkəmə prosesində zərərçəkən tərəfin şahidlərinə söz verilməyib. Hakim Elçin Məmmədov araşdırmanın davam etdirilməsini, əgər lazım olarsa şahidlərin dindirilməsini vurğulayıb.

Növbəti məhkəmə prosesinin 26 fevral saat 10:20-də keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, bir müddət əvvəl "İrşad" İslam Araşdırmalar Mərkəzinin həyəti tikinti aparılması üçün hasara alınıb. Həmin hasara alınan ərazi "İrşad" İslam Araşdırmalar Mərkəzinin baş direktoru Rafiq Əliyevə məxsusdur. Rafiq Əliyev torpağın ona məxsus olduğunu göstərən arayışı, reyesterdən çıxarılan şəhadətnaməni, Bakı ŞİH tərəfindən verilən aktı Nəsimi rayon İcra Hakimiyyətinə (RİH) təqdim edib. 22 sentrabr 2015-ci ildə hasara alınan əraziyə Nəsimi RİH-in əməkdaşları gələrək alınan hasarı ləğv edilməsi üçün göstəriş veriblər. Heç bir sənəd təqdim etməyən RİH əməkdaşları bildiriblər ki, bura Nəsimi RİH-nə tabedir. Nəsimi RİH-in əməkdaşları həmin gün gün ərzində 3 dəfə əraziyə baş çəkiblər. Sonuncu gəlişlərində artıq hasarın söküntüsünə başlayıblar. Həmin ərazidə "İrşad" İslam Araşdırmalar Mərkəzinə məxsus avadanlıqları, taxtaları, dəmir parçalarını tullantı şəklində bayıra atıblar. Əraziyə gələn Nəsimi RİH-nin təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov "İrşad" İslam Araşdırmalar Mərkəzinin mühafizə rəisi Vidadi Allahverdiyevə söküntü başlanılması üçün əllərinə heç bir sənədin olmadığını bildirib. Q. İsmayılov qeyd edib ki, bizi bura Nəsimi RİH başçısı Asif Əsgərov göndərib. Hətta əraziyə gələn 14 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramin Piriyev "İrşad" İslam Araşdırmalar Mərkəzinin mühafizə rəisi Vidadi Allahverdiyevə zor tətbiq edib. Vəzifə borcunu yerinə yetirmək istəyən V.Allahverdiyevə yüngül xəsarət yetirilib. Hadisə ilə bağlı "CD" görüntülər də mövcuddur.

Vidadi Allahverdiyev bildirib ki, RİH əməkdaşları "İrşad" İslam Araşdırmalar Mərkəzinin baş direktoru Rafiq Əliyevdən pul tələb ediblər. Artıq hadisə ilə bağlı İrşad" İslam Araşdırmalar Mərkəzinin baş direktoru Rafiq Əliyev Nəsimi RİH məhkəməyə verib. Məhkəmədən də maddi və mənəvi ziyanın ödənilməsi tələb edilir. Bununla bağlı araşdırma aparılır.

"İrşad" İslam Araşdırmalar Mərkəzinin vəkili Fuad Kərimov bildirib ki, İcra Hakimiyyəti bizim iddiamızla bağlı bir neçə əsaslar gətirib: "Biz ərazini hasarlamaq niyyətimiz haqqında 2015-ci il 14 sentyabrında müraciət eləmişik. Onlarda həmin müraciətimizə cavab verməyiblər. Bir ay keçdikdən sonra biz hasarımızı quraşdırmışıq. İndi isə onlar məhkəmədə bildirilər ki, onların müraciətinə baxılmasını qanunla 30 gün müddətini biz uzatmışıq və uzatmağın səbəbi ondan ibarətdir ki, yerində araşdırma aparmaq istəyirdik. Həm də, müraciət edən müəssisədən əlavə sənədlər istəyəcəkdik. Lakin müddətin uzadılması haqqında bizə məlumat verilməyib. Bundan başqa, əlavə sənədlərin tələb edilməsi ilə bağlı bizə heç bir sorğu göndərilməyib. Buradan görünür ki, RİH-in təqdim etdiyi sənədlər həqiqətə uyğun deyil".

Vəkil qeyd edib ki, onlar əsas gətirir ki, guya onlar heç bir tikili sökməyib: "Bildirirlər ki, müvəqqəti konistruksiya sökmüşük. Şəhərsalma haqqında qanunvericilikdə müvəqqəti konistruksiya anlayışı yoxdur. Tikili özü də müvəqqəti konistruksiya ilə quraşdırıla bilər. Bu qurğudur. İstənilən halda mülkiyyətçi vəsait xərcləyir. Söküntü işləri aparanda istər-istəməz əmlaka ziyan dəyir. Belə olan halda məhkəmə qərarı olmalıdır. İcra Hakimiyyəti borclu idi ki, məhkəməyə müraciət etsin, məhkəmədən icazə aldıqdan sonra hasarı sökə bilərdi. Bunun heç birinə riayət olunmayıb. Bu qaydada da işlərin aparılması birbaşa Prezident İlham Əliyevin tikinti sahəsindəki son göstərişlərinə ziddir. Dövlət başçısı göstəriş verir ki, sahibkarların işləri asanlaşsın, daha çox iş yeri olsun. Bunlar da Prezident İlham Əliyevin göstərişinin əleyhinə olaraq sadə qanunlara da riayət etmirlər".




Xezernews.az