Övladlarını görməyə gələn ata uşaqların dayısını bıçaqladı

Abşeron rayonunda yeznə qaynını bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 25 yaşlı Asif Həsənov bir neçə bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, A.Həsənovu bacısının keçmiş həyat yoldaşı bıçaqlayıb.

Belə ki, A.Həsənovun bacısı həyat yoldaşından ayrılıb və ata evinə dönüb. Yeznə (adə açıqlanmır) övladları ilə görüşmək üçün Masazırada yaşayan keçmiş qayınatasının evinə gəlib. Uşaqlarla görüş zamanı onunla A.Həsənov arasında mübahisə yaranıb. Onlar mübahisəni küçədə davam etdiriblər. A.Həsənovun anası onların arxasınca evdən çıxanda oğlunu qan içində görüb.

Abşeron Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

AzNews.az