Baş Prokurorluq Azərbaycan ərazisində son günlərdə baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yayıb. Baş Prokurorluq Azərbaycan ərazisində son günlərdə baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yayıb.

Baş Prokurorluq cinayət faktları ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Azərbaycan ərazisində son günlərdə baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yayıb.



Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə paytaxtın Xətai rayonu ərazisində aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə müşayiət olunan ehtiyatsızlıqdan baş vermiş ölüm hadisəsi qeydə alınıb.

Belə ki, 10 fevral 2013-cü il tarixdə saat 18 radələrində Xudu Məmmədov küçəsi 2942 "D" ünvanında "Stil" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının on dördüncü mərtəbəsindən həmin MTK-da fəhlə işləyən 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə və meyitə Xətai rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb və təhlükəsizlik texnikası ekspertlərinin iştirakı ilə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Tovuz rayonunda baş vermiş intiharla əlaqədar də cinayət işi başlanıb. Məlumata görə, fevralın 8-də saat 12 radələrində Tovuz rayonunun Qaralar kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə tüfənglə atəş açaraq özünü öldürüb. Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi-bioloji, tibbi-kriminalistik və ballistik ekspertizaları təyin edilib. Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Masallı rayonunda isə adam öldürməyə cəhd edən şəxs həbs edilib. Fevralın 9-da saat 22:30 radələrində Masallı rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Rzayev Etibar Aydın oğlu ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən qonşuluqda yaşayan qayınatası, 1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna sonuncunun evində atəş açaraq onu öldürməyə cəhd edib. Daha sonra E.Rzayev rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf edib və cinayətin aləti olan ov tüfəngini təhvil verib. Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürülüb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib. E.Rzayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Sabunçu rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib. Belə ki, fevralın 9-da saat 19 radələrində Bakıxanov qəsəbəsində yerləşən "Bülbülə" gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, dindirilmələr aparılıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İstintaqla müəyyən edilib ki, aşkar edilmiş kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsus olmaqla, o, qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində xalası oğlu 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilmiş və sonuncu hadisə yerindən qaçıb. Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.