- Köhnə - Hadisə
- 6 Fevral 2018 23:23
- 34 088
Həzi Aslanov metrosu yaxınlığında partlayış - Yenilənib (Video)
Bakıda Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən radiozavodda 3 dəfə ard-arda partlayış baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Fəxrəddin Əliyev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
"İlkin məlumat hələ yoxdur, araşdırma gedir. Yanğın hadisəsi baş verib. Yanğının nədən baş verdiyi araşdırılır. Xəsarət alan olmayıb. Təxminən yardımçı binada 100 kvadratmetr ərazi yanıb" .
Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəlib. Əraziyə ilkin baxış keçirilib.
***
AzNews.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi“Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.
Nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Bakıda "Radioquraşdırma" zavodu ərazisində partlayışla bağlı məlumat yayıb.
Bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.
***
AzNews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.
Yaxınlıqdakı binaların sakinlərinin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, binalar silkələnib. Bəziləri təşvişə düşərək nə olduğunu anlmayıb və qaçaraq binadan çıxıblar.
***
AzNews.az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib.
Birinci partlayış 19:15 radələrində, digərləri isə 8 dəqiqə sonra baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib.