Səfər Əbiyevin evinin qarşısında yenidən aksiya təyin olundu

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova paytaxtda etiraz aksiyası keçirməklə bağlı müraciət edib. Birlikdən APA-ya verilən məlumata görə, aksiyanın hərbi qulluqçuların xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş bir sıra məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi tərəfindən uzun illərdir ki, icra edilməməsinə etiraz olaraq keçiriləcəyi qeyd olunub.

Piketin martın 19-da eyni zamanda iki yerdə - müdafiə naziri Səfər Əbiyevin Yasamal rayonu, Hərbi şəhərcik, "Qızıl Şərq" küçəsində yerləşən iqamətgahının və Ədliyyə Nazirliyinin giriş qapılarından ən azı 10 metr aralıda, nəqliyyatın hərəkətinə mane olmayan ərazilərdə təşkil ediləcəyi bildirilib. Aksiyada "Məhkəmə qətnamələri icra edilsin!", "Qanunların aliliyini pozanlar cəzalandırılsın!", "Pul kompensasiyaları ödənilsin!", "Səfər Əbiyevin xaricə çıxışına qadağa qoyulsun!", "Məhkəmə hakimiyyətini iflic edən məmurlara ar olsun!", "Pensiya hüququmuz təmin edilsin!", "Qorxaq icra məmurları işdən çıxarılsın!", "Özbaşınalığa son qoyulsun!" və sair şüarlar səsləndiriləcək.

Piket saat 15:00-də təşkil ediləcək və 17:00-a qədər davam edəcək. Aksiyada cəmi 40-50 nəfərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi qeyd edilən ünvanlarda martın 11-də aksiya keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin İH aksiyanın keçirilməsinə razılıq vermədiyindən piket təxirə salınıb.

AzNews.az