İsmayıllıda naməlum yırtıcılar tapıldı

İsmayıllı rayon Aşıqbayramlı kəndində naməlum yırtıcı heyvanlar tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon sakini Ramiz Fətəliyev həyətindəki tövlənin damında nadir rast gəlinən heyvanın balalarını tapıb.

Ev sahibinin sözlərinə görə, o, tövlənin damındakı köhnə ot bağlamalarının altından qəribə səslər eşidib və orada axtarış apararkən 4 ədəd yırtıcı heyvan balası tapıb.

R. Fətəliyev onları dəmir qəfəsə salıb. O, bu heyvanları bəsləmək istəyən şəxslərə və ya heyvanat parkına vermək istədiyini bildirib.

Ev sahibi bu yırtıcı heyvanların anası tərəfindən indiyədək onun 100-ə yaxın toyuq və cücəsinin tələf edildiyini bildirib. Bu yırtıcılar gecə saatlarında toyuq hininə hücum çəkərək ev quşlarının başını qopararaq qanını içir.

R. Fətəliyev ilk dəfədir həyətində bu cür yırtıcı heyvana rast gəldiyini və buna görə çox narahat olduğunu bildirib.

AzNews.az