İsmayıllıda bir gecədə 6 mağaza və aptek qarət olundu

İsmayıllı rayonunda naməlum şəxslər bir gecədə 6 mağaza və aptekdən xeyli miqdarda pul və ərzaq malları oğurlayıblar.


Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, İsmayıllı rayon Mərkəzi Bazarının ətrafında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər polis şöbəsinə ərizə ilə müraciət edərək bildiriblər ki, naməlum şəxslər bir gecədə onlara məxsus mağaza və aptekdən 2500 manat pul və ərzaq mallarını oğurlayıblar.

Polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib və məlum olub ki, sahibkar Elşad Qurbanov, Pənah Cəfərov, Ramil Xaliqov, Nəriman Şahbazov, Mustafa Hacılı və Ramil Qurbanova məxsus aptek və mağazaların qapıları xüsusi üsulla hazırlanmış alətlə açılaraq obyektlər qarət olunub. Oğrular yalnız ərazidəki nəzarət kamerası olmayan obyektlərə daxil olublar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az