“Gənclik“dəki tunel kompleksi payızda istifadəyə veriləcək - Foto

"Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, cəmiyyətin sifarişi ilə tunel tipli kompleksin tikintisi sürətlə gedir. Yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2470m nəzərdə tutulan tunellərin eni 8,2-16,5m arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, "Gənclik" metro stansiyasının 2 çıxışının tikintisi daxildir. Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546 m, eni 16,5 m olan tunel tamamlanaraq ölkə başçısının iştirakı ilə açılışı olub. Hazırda 3 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 3 tuneldə döşəmənin betonlanması işləri gedir. Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir. Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənmə işlərinə başlanılıb.

Ərazidə nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz hərəkətinə, eyni zamanda tıxac probleminin aradana qaldırılmasına xidmət edəcək kompleksin cari ilin payız aylarında istifadəyə verilməsi planlaşdırılır.

AzNews.az