Aeroportdan geri qaytarılan Çöhrəqanlı AzNews.az-a danışdı - Eksklüziv

"Təəssüf ki, doğma vətənim Azərbaycana gəlməyimə bu dəfə də imkan verilmədi. Mən bundan çox təəssüflənirəm və doğma vətənlə, soydaşlarımla qovuşmamağın sarsıntısını yaşayıram".

Bunu bu gün gəldiyi Heydər Əliyev adına Hava Limanından Frankfurta geri qaytarılan Güney Azərbacyan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Amerikada mühacir həyatı yaşayan Mahmudəli Çöhrəqanlı bildirib.

AzNews.az-a eksklüziv açıqlamasında M. Çöhrəqanlı Güneyin azadlığı uğrunda mübarizədən geri çəkilməyəcəyini və Güneyin istiqlaliyyətinə qovuşacağına inandığını vurğulayıb.

M. Çöhrəqanlı onun Azərbaycan səfərinə xüsusi diqqətlə yanaşan mətbuat qurumlarına və onu qarşılamağa gələn şəxslərə təşəkkürünü bildirib: "İnşallah bir gün mütləq vətənimiz Azərbaycanda görüşəcəyik".

***
22:18

Mahmudəli Çöhrəqanlı Bakıya buraxılmadı. Onu qarşılamağa gedən güneylilərin Aznews.az-a verdiyi məlumata görə, Çöhrəqanlını gəldiyi təyyarə ilə geri qaytarıblar.

***
21:42

7 illik fasilədən sonra bu gün Amerikadan Azərbaycana gələn Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı artıq Bakıdadır.

Lakin onların Azərbaycana buraxılması üçün viza verilməsi prosesi ləngiyir.

A.Çöhrəqanlının AzNews.az-a verdiyi məlumata görə, doktor Çöhrəqanlı və o, hazırda hava limanında gözləyirlər: "Belə hiss olunur ki, bizə viza vermək istəmirlər və geri qaytarmağa çalışırlar. Lakin hələlik konkret heç nə deyilməyib. Gözləyirik".

M.Çöhrəqanlının Azərbaycana səfəri ilə bağlı əlavə məlumat verəcəyik. AzNews.az-ı izləyin.

Elnarə
AzNews.az