DİN özünü yandıran sakinlə bağlı məlumat yaydı

Kürdəmir rayonunun Sığırlı kəndində dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com-un yaydığı məlumatda bildirilir ki, Sığırlı kənd sakini sahə müvəkkilini və özünü yandırıb. Buna onların arasında mübahisə yaranması səbəb olub.

Məlumata görə, Sığırlı kənd sakini sürücüdür. Sahə müvəkkili onun avtomobilini yoxlayıb. Avtomobildə benzin qabları olub və sahə müvəkkilı onun daşıdığı yanacaqla maraqlanıb. Bu zaman onların arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü avtomobildəki benzini özünün və sahə müvəkkilinin üstünə tökərək od vurub. Hadisə nəticəsində hər iki şəxs III dərəcəli yanıq xəsarəti alıb. Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya bildirib ki, bu məlumat şişirdilib və təhrif edilib. Rəis müavini deyib ki, əslində Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sahə müvəkkili kəndin yaxınlığında qanunsuz neft yanacaq məhsullarının satılması barədə məlumat əldə edir. Neft məhsullarını satan isə Sabirabad rayonunun Cavadkənd sakini Zabit Ağayev olub. O, dövlətə məxsus UAZ markalı maşınla qablara yığılmış dizel yanacağını yol kənarına düzərək satırmış: "Sahə müvəkkili ona yaxınlaşaraq Rayon Polis Şöbəsinə gəlməyi və işi sənədləşdirməyi təklif edir. Polis Şöbəsinin qarşısında avtomobildən düşən sahə müvəkili Zabit Ağayevin özünə od vurduğunu görür. Sahə müvəkkili dərhal müdaxilə edir, onun paltarlarını əynindən çıxarır və həmin şəxsin özünü yandırma cəhdinin qarşısı alınır. Məhz sahə müvəkkilinin müdaxiləsi nəticəsində həmin şəxs xilas olur. Hazırda Rayon Polis Şöbəsində toplanmış materiallar Rayon Prokurorluğuna göndərilib və iş üzrə araşdırma aparılır".

E. Zahidov deyib ki, Z. Ağayev yüngül yanıq xəsarəti alıb. Z. Ağayev ifadəsində bildirib ki, dizel yanacağını işlədiyi dövlət qurumundan əldə edib. Buna görə də Polis Şöbəsinin qarşısında bu məslənin aktlaşdırılacağı halda iş yerində də olaydan xəbərdar olacaqlarını bilib. İşdən çıxarılacağından qorxduğu üçün özünə od vurub.


AzNews.az