Uşağı əlindən alının qadın özünü yandırdı

Bakıda 40 yaşlı qadın özünü yandırıb. Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini olan 1973-cü il təvəllüdlü Allahverdiyeva Lamiyə Cəmil qızı üstünə yandırıcı maye tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər qadının həyatını xilas edib və o xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, L. Allahverdiyeva bir neçə il Sabunçu rayon Zabrat qəsəbə sakini, 1968-ci il təvəllüdlü Yoldaşov Ceyhun Firudin oğlu ilə qeyri-rəsmi nikahda yaşayıb. Bu izdivacdan onun 6 ay əvvəl oğlu dünyaya gəlib. Lakin sonradan cütlüyün münasibətləri pozulub və onlar ayrılıb. Uşaq isə anasında qalıb. Bir neçə gün əvvəl isə C. Yoldaşov övladını görmək istədiyini deyib. Onlar "Nizami" metrostansiyası yaxınlığında görüşüblər. Burada C. Yoldaşov azyaşlı oğlunu da götürərək maşınla uzaqlaşıb. Sonra isə əlaqə saxlayaraq həyat yoldaşı ilə barışmaq istədiyini deyib.

C. Yoldaşovla barışmağı qəbul etməyən və oğlunu geri istəyən qadın isə çarəni özünü yandırmaqda tapıb. Hazırda məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.

AzNews.az