Azərbaycanlı fəal həbs edildi

İranda tanınmış azərbaycanlı fəal həbs edilib.

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əyyub Şirini oktyabrın 1-də Təbriz şəhərində öz mağazasında tutulub. O, Təbriz İnqilab Məhkəməsinin barəsində çıxardığı 6 aylıq həbs cəzası əsasında saxlanılaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına aparılıb. Ə. Şiri İran hakimiyyətinin əleyhinə təbliğat aparmaqda günahlandırılır. Onun iş yerində axtarış aparılıb və kompüteri müsadirə edilib.

Qeyd edək ki, Ə. Şiri 2011-ci il mayın 4-də səhər saatlarında Təbriz şəhərində yerləşən atasının evində ETTELAAT əməkdaşları tərəfindən həbs olunub. Azərbaycanlı fəal Urmiya gölündəki ekoloji fəlakətə etiraz olaraq həmin il aprelin 13-də keçirilmiş kütləvi aksiyada iştirak etdiyinə görə saxlanılıb. İki aya yaxın həbsdə saxlanılan Ə. Şiri 2011-ci il iyunun 23-də təxminən 30 min ABŞ dolları (30 milyon tümən) mülk girovu qarşılığında sərbəst qalıb. Ancaq Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı əhalini kütləvi aksiyalara çağırmaq və hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandıraraq 6 ay azadlıqdan məhrum edib.

AzNews.az