Türkiyəli tələbəyə 2500 manat atdılar- Bakıda

Bakıda Türkiyə Respublikasının vətəndaşı dələduzluq əməli ilə üzləşib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Türkiyə vətəndaşı, 1993-cü il təvəllüdlü Mühiyədin Akuş Cüneyd oğlu bu ilin yanvar ayında Üzeyir Hacıbəyov küçəsi 22 ünvanında tanışı Yaşar adlı şəxsə 2500 manat verib. Lakin sonradan Yaşar ilə əlaqə saxlamaq mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Mühiyədin Memarlıq və İnşaat Universitetinin tələbəsidir. O, universitetin qiyabi şöbəsinə keçmək istəyirmiş və Yaşar adlı şəxs bu işi öhdəsinə götürüb və Türkiyə vətəndaşından 2500 manat istəyib. Pulu əldə etdikdən sonra isə həmin şəxs öhdəliyini yerinə yetirməyib.

Hazırda məsələ ilə əlaqədar araşdırmalar aparılır. Dələduzluq əməlini törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.


AzNews.az