Dövlət sərhədini pozan 37 nəfər saxlanıldı

Sentyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 37 nəfər saxlanılıb.


Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, saxlanılan 37 nəfərin 18-i Azərbaycan, 5-i Əfqanıstan, 4-ü İran, 2-si Moldova, 2-si Özbəkistan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Tacikistan, İsrail, Nigeriya, Qırğızıstan və Gürcüstan vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 11 nəfər, Xəzər dənizində 23 halda 37 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 206 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 4 halda 8,158 kq narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Sentyabrın 1-də Astara sərhəd nəzarət məntəqəsində İrandan Azərbaycana keçən Lənkəran rayon sakini Məmmədov Siyavuş Ramiz oğlunun idarə etdiyi MAZ markalı 42 BL 529 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilərkən maşının oturacağının altında 285 milliqram metadon suyu aşkar edilib. Bununla yanaşı, sentyabrın 4-də Biləsuvar sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçən Bərdə rayon sakini Əliyev Fərhad Tələt oğlunun əl çantasında 2 qram tiryək tapılıb. Sentyabrın 6-da isə Astara sərhəd nəzarət məntəqəsində İrandan keçən adıçəkilən ölkənin vətəndaşı Tabyar Esmail Şahruzun üzərində baxış keçirilərkən şalvarının ətəyinə bərkidilmiş şəkildə 127,6 qram heroin aşkar olunaraq götürülüb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 67 halda ümumi dəyəri təqribən 485 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd qaz tapançası, 1 ədəd pnevmatik tapança, 1 dədə tir tüfəngi, 100 ədəd 28 mm-lik patron, 95 ədəd 16 mm-lik patron, 8 ədəd piston, 15 ədəd giliz, 2 ədəd tüfəng qundağı, 4 ədəd tüfəng dəsti, 4 ədəd beşbarmaq, 6,1 qram zinət əşyaları, 18 min qutu siqaret, 320 ədəd mobil telefon, 1 baş at, 35,65 kq süni balıq kürüsü, müxtəlif növ dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanılıb.

AzNews.az