Prezident: Bakı və İrəvan arasında imzalanan sənədlər praktiki nəticələrə çevrilir

Azərbaycan və Ermənistan arasında imzalanan sənədlər praktiki nəticələrə çevrilməyə başlayır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan müstəqil ölkələr olaraq əvvəllər heç vaxt sülh şəraitində olmayıblar.

"Biz beş-altı ay ərzində təkcə sülh şəraitində yaşamırıq, biz bu vəziyyətdən zövq alırıq. 1991-ci ildə müstəqillik qazananda biz artıq hərbi qarşıdurma vəziyyətində idik. Lakin, bu gün sülhün faydaları əməkdaşlıqda özünü göstərir. Xüsusilə, Azərbaycandan Ermənistana neft məhsulları da daxil olmaqla strateji əhəmiyyətli yüklərin daşınması həyata keçirilir. Bu, özlüyündə qiymətlərin aşağı düşməsinə səbəb olur. İki-üç il əvvəl belə bir şey tamamilə ağlasığmaz idi, amma bu gün artıq reallıqdır. Və mən hesab edirəm ki, heç nə bu prosesə mane ola bilməz", - Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, tərəflər daha bir addım atmalıdır. Sülh şəraitində yaşamağın nəticələrini əyani şəkildə nümayiş etdirmək lazımdır ki, hər iki ölkənin cəmiyyətləri tərəfindən bu prosesə tam dəstək görünsün.

"Buna baxmayaraq, mən çox nikbinəm, çünki əldə olunan nəticələr Ermənistana, Azərbaycana və bütün Cənubi Qafqaza böyük fayda gətirir, həm də dərin düşmənçilik vəziyyətində olmuş ölkələrin əməkdaşlıq mərhələsinə necə keçə biləcəyinə bir nümunədir", - Prezident əlavə edib.