İdris Cəfərov “Space”dən rəsmən qovuldu – Telekanaldan açıqlama - Özəl

"Space" televiziyası kanalın əməkdaşı İdris Cəfərovun adıçəkilən şirkətin ünvanına mətbuatda səsləndirdiyi kəskin fikirlərlə bağlı reaksiya verib.


Telekanalın hüququşnası Əlirza Həbibovun AzNews.az-a verdiyi açıqlamasında bildirib ki, Cəfərov İdris Hikmət oğlu "Space" Müstəqil Teleradio MMC ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərib. Şirkət tərəfindən onun normal fəaliyyəti üçün lazımi şərait yaradılmasına baxmayaraq, İ. Cəfərov qurum rəhbərliyinə rəsmi qaydada məlumat vermədən 14 oktyabr 2013-cü il tarixindən işə gəlməyərək, əmək və icra intizamının normal ahəngini pozub.

Şirkətin müdiriyyəti tərəfdən İ. Cəfərovun işə çıxmamasının araşdırılmasına cəhd göstərilsə də, heç bir nəticə əldə olunmayıb. Sonradan İ. Cəfərovun Azərbaycanı tərk etdiyi və daimi yaşamaq üçün Avropa ölkələrindən birinə getdiyi haqda məlumat əldə edilib:

"Əmək intizamının Cəfərov İdris tərəfindən kobud şəkildə pozulması 17 oktyabra qədər davam edib. Belə olan təqdirdə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müdiriyyətin 17 oktyabr 2013-cü il tarixli əmri ilə Cəfərov İdris Hikmət oğlu ilə bağlanmış əmək müqaviləsinə müdiriyyətin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verib".

Açıqlamada o da qeyd olunub ki, İ. Cəfərov Space tv ilə bağlı böhtan xarakterli materiallar yayıb. Onun böhtan xarakterli fikirlər söyləməsi İdris Cəfərov barəsində Azərbaycan Respublikasının ÇM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüquqları yaradıb: "Şirkət və onun rəhbərliyi o cümlədən kollektiv barədə yayımlanan böhtan xarakterli qərəzli materiallar şirkətin işgüzar nüfuzuna xələl gətirən və onu ictimaiyyətin gözündən salan hərəkətlərdir. Bunlar isə cinayət məsuliyyəti yaradan amillərdir".


Azər
AzNews.az