Baş Prokurorluq daha bir korrupsiya faktını açıqladı

"Delta Qrup C.O." MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.


Bu barədə AzNews.az-a Respublika Prokurorluğundan məlumat daxil olub.

Məlumatda bildirilib ki, "Delta Qrup C.O." MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin Daxili Audit Departamentinin təftişçisi Səməd Cəbrayılovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərini aşdığı müəyyən olunub. Belə ki, onun qulluq mənafeyinə qəsdən zidd olaraq maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 17 min 212 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr tapılıb.

Odur ki, təftişçi barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1.-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az