Çaylarda suyun səviyyəsi artıb

Avqustun 23-də gün ərzində, avqustun 24-də gecə və səhər Lənkəran-Astara bölgəsinə yağan leysan yağışları nəticəsində Lənkərançayın səviyyəsi Lənkəranda 61 sm, Sifidorda 20 sm, Vəşərüçayın səviyyəsi isə Daştatükdə 30 sm artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 100-170, Naxçıvan MR çaylarında 135 faizini təşkil edir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur. Bu bölgənin çaylarında sululuq ongünlük normanın 450-1000 faizini təşkil edir.

Avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 100 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla, 102 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.

Avqustun 24-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla, 113 m3/s təşkil edib və ongünlük normanın 165 faizinə bərabər olub.

Avqustun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda 6 sm, Bankədə 25 sm azalma qeydə alınıb. Şirvanda isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm, Şirvanda 204 sm, Salyanda 152 sm, Bankədə 216 sm, Araz çayının Novruzlu məntəqəsində isə 115 sm təşkil edir.

AzNews.az