“Azəriqaz”dan AzNews.az-ın xəbərinə rəsmi REAKSİYA


Ağsu şəhər sakini Siyavuş Əfəndiyevin AzNews.az-a etdiyi müraciətə "Azəriqaz" İstehsalat Birliyindən cavab gəlib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, Siyavuş Zabit oğlu Əfəndiyev eyni məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə də müraciət edib. Məsələ araşdırılıb və məlum olub ki, Əfəndiyevin mənzilindəki mexaniki qaz sayğacı 2011-ci ilin fevralında "smart kart" tipli sayğacla əvəzlənib və istehlak edilmiş təbii qazın hesabatı da istifadədə olan əvvəlki mexaniki tipli sayğacın göstəricisinə əsasən aparılıb: "Yəni mexaniki qaz sayğacından istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyi üçün abonentin hesabatında 154 manat 40 qəpik məbləğində borc yazılıb. Bu borcu da abonent ödəməyib. Həmin rəqəm KİV-ə müraicət edən vətəndaşın real borcudur və ödəməlidir. Burda heç kimə artıq borcun yazılmasından söhbət gedə bilməz".

Qeyd edək ki, S. Əfəndiyev redaksiyamıza müraciətində bildirmişdi ki, yaşadığı mənzildə 2011-ci ildə "smart tipli" qaz sayğacı quraşdırılıb və bu ilin fevral ayında ona rayon qaz idarəsindən 154 manat borcunun olması ilə bağlı bildiriş gəlib.

İntiqam Valehoğlu
AzNews.az