Xırdalan sakinləri işıqsız qalıb

Dünən saat 21:00-dan etibarən Abşeron rayonu Xırdalan şəhərinin böyük bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə APA-ya 28-ci məhəllənin sakinləri məlumat verib.

Məlumata görə, dünən təkcə binaların deyil, Xırdalanın mərkəzi küçələrinin də işıqları söndürülüb. Dünəndən kəsilən elektrik enerjisinin təchizatı hələ də (saat 13:00) bərpa olunmayıb.

Sumqayıt Regional Elektrik Şəbəkəsinin Xırdalan Elektrik Şəbəkəsinin baş mühəndisi İbiş Mehdiyev "APA-Economics"ə bildirib ki, yaşayış massivində elektrik enerjisinin verilməsində məhdudiyyətin yaranmasına səbəb dünən axşam saatlarında ərazidən keçən su borusunun partlaması olub: "Biz də bu səbəbdən işığı kəsmək məcburiyyətində qalmışıq. Artıq su borusunun partlayan hissəsi aşkarlanıb və muftalanma işləri aparılır".

İ.Mehdiyev bildirib ki, yaxın 1 saat ərzində ərazidə elektrik enerjisinin verilişi bərpa ediləcək.

AzNews.az