Əli Kərimli anbaan izlənilir - Video

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin izlənilir.

"Meydan TV" Əli Kərimlinin izlənilməsini anbaan əks etdirən videosüjet yayıb. Süjet AXCP sədrinin dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində Milli Şuranın təşkil etdiyi Siyasi Məhbuslar Forumuna gedərkən hazırlanıb.

Əli Kərimli saat 10.45-də evindən çıxaraq avtomobilinə əyləşir. Avtomobili yerindən tərpəpən kimi, AXCP sədrinin evinin yaxınlığında dayanan dövlət nömrə nişanı 10 TC 673 olan sarı rəngli, "Fiat" markalı maşın onu izləməyə başlayır. Əli Kərimlinin maşınının izləyən avtomobili idmançı görkəmli, mülki formadan olan şəxs idarə edir. Yanında idmançı görkəmli mülki formalı daha bir şəxs əyləşib. Əli Kərimlinin maşını RATİ-nin ofisinə qədər təqib olunur. Maşını ofisin qarşısında saxlayan vaxt, həmin avtomobil də qarşıya keçib dayanır. Meydan TV-nin əməkdaşı onlara yaxınlaşanda isə dərhal oradan uzaqlaşırlar.

Əli Kərimli özü isə bildirib ki, izlənildiyi ona məlumdur. AXCP sədri 10 gündür açıq-aşkar izlənildiyini bildirir: "Hər zaman hiss eləmişəm ki, izlənilirəm. Amma bu kənardan olub, çalışıblar ki, mən hiss eləməyim. Lakin son 10 gündə açıq-aşkar izləməyə başlayıblar. İzləməni böyük briqada həyata keçirir. Bu artıq yeni situasiyadır və antikonstitusion hərəkətdir. Mənə verilən məlumata görə, izləmə prosesində bir neçə maşın olur. Maşınlardan yalnız biri yaxın məsafədən bizi təqibdə izləyir. Digərləri isə görünür, telefonla idarə edirlər. Açığı onlara aqressiyam yoxdur. Onlara tapşırıq veriblər. Yəqin ki, xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, əmri icra edirlər. Adamlar çox olur, maşınlar çox olur. Bu da qəribədir ki, izləmək üçün niyə belə böyük briqada olsun. Bilmirəm məqsədləri nədir. Çünki onlar nəinki məni izləyirlər, telefonlarımı dinləyirlər. İstəyəndə evimə də girirlər. Ola bilsin mənim fəaliyyətimi əngəlləmək məqsədilə edirlər. Amma mən yenə də heç nə olmamış kimi fəaliyyətimi davam etdirərəm".

AzNews.az