İran prezidentindən Azərbaycana çağırış

"Hər hansı bir ölkənin Tehranla Bakının yaxın münasibətlərini pozmasına icazə verilməməlidir".




"Trend"-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşdə deyib.

İki ölkənin tarixi və dərin əlaqələrindən danışan H.Ruhani Tehran və Bakı arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişlənməsinin əhəmiyyətini vurğulayıb.

İran prezidenti terrorizmin region üçün ciddi təhlükə olduğunu bildirib və əlavə edib ki, "əgər region ölkələri bu təhlükəyə qarşı birgə hərəkət etməsələr, bu mikrob hər an onlara da yoluxa bilər".

H.Ruhani onu da deyib ki, Qafqaz bölgəsi uzun illərdir həqiqi mənada stabilliyin olmamasından əziyyət çəkir.

Şahin Mustafayev görüşdə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentinə çatdırıb və iki ölkənin xüsusilə son aylarda ikitərəfli münasibətlərinin artdığını və getdikcə inkişaf etdiyini vurğulayıb.


AzNews.az