Manvel Qriqoryanın özbaşınalıqları... Manvel Qriqoryanın özbaşınalıqları...

Azərbaycanlılara hədə-qorxu gələn generalın evini pələnglər qoruyur - FOTOLAR

Manvel Qriqoryanın özbaşınalıqları...



Ermənistan parlamentinin deputatı, "Yerkrapa" Qarabağ müharibəsi veteranları birliyinin sədri Manvel Qriqoryan bir neçə gün öncə girovluqda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində hədə dolu bəyanatlar səsləndirib. O, jurnalistlərə açıqlamasında deyib: "Əgər azərbaycanlılar əlimə keçsəydilər, sağ qazlmazdılar".

Ümumiyyətlə, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak etmiş Qriqoryan daim türklərə nifrəti ilə seçilib. Buna görə onun sözlərinə təəccüblənmək lazım deyil. O, müəyyən məqamlarda xal toplamaq üçün millətçi tonda populist çıxışlar tez-tez edir. Çünki 1994-cü ildə Qarabağ müharibəsinin bitməsinin ardından Manvel Qriqoryan ölkə hakimiyyətinin qeyri-rəsmi razılığı ilə Eçmiədzin şəhərinin sahibinə çevrilib. Bundan başqa, o, 8 il Ermənistan müdafiə nazirinin müavini kimi çalışaraq, general-leytenant rütbəsinə qədər yüksəlib. Hazırda iqtidardakı Respublika Partiyasından parlamentə üzv olan Qriqoryan qanunla qadağan olunsa da, bizneslə məşğul olur.



AzNews.az Modern.az saytına istinadən xəbər verir ki, bununla bağlı bir qrup erməni jurnalist onun doğma kəndi – Armavir vilayətinin Arşaluys kəndinə gedərək, ətraf ərazilərin bütünlüklə Manvel Qriqoryana məxsus olduğunu müəyyən ediblər.

Təkcə Arşaluys kəndində Manvel Qriqoryan 35 daşınmaz əmlaka sahibdir. Bura torpaq sahələri, binalar, zavodlar, yanacaqdoldurma məntəqəsi, istirahət zonaları, restoran, sauna, ippodrom, on hektarlarla üzüm və ərik bağları, istixanalar, bazar, örüş, taxıl zəmiləri və s. daxildir. General bunlara görə heç bir vergi ödəmir.

Arşaluys kənd nümayəndəsi Zarzand Qriqoryanın sözlərinə görə, erməni general 2008-ci ildən bəri heç bir əmlakına görə vergi vermir. Hələ 2013-cü ildə kənd rəhbərliyi yazılı şəkildə Manvel Qriqoryana məxsus "Ara və Aytsemnik" MMC-yə məktub göndərərək, burada tikilmiş yanacaqdoldurma məntəqəsinə görə maliyyə vəsaitinin verilməsini istəyib.

Yerli idarəetmə orqanlarının müraciətlərini saya salmayan Manvel Qriqoryan yaratdığı "Ara və Aytsemnik" şirkəti vasitəsilə Eçmiədzin və ətraf kəndlərdə dövlətin elan etdiyi tenderlərdə qalib gələrək, məktəb və bağçaların tikintisini, yaxud təmirini gerçəkləşdirir. İllik dövriyyəsi on milyonlarla dollar olan "Ara və Aytsemnik" şirkəti (yeri gəlmişkən, şirkət Manvel Qriqoryanın nəvələrinin adını daşıyır) dövlət büdcəsinə 4 min dollar vergi ödəyir.

Manvel Qriqoryan öz sərvətini 90-cı illərin ortalarında – Dağlıq Qarabağdan geri qayıtdıqdan sonra qazanıb. Anadan olduğu Arşaluys kəndindəki keçmiş məişət evi və poçt binası ona məxsusdur. Tibb məntəqəsi kimi fəaliyyət göstərən bina isə hazırda generalın "Ara və Aytsemnik" şirkətinin ofisinə çevrilib. 2006-cı ilin oktyabrında isə Arşaluysdakı məktəbəqədərki təhsil müəssisəsini də qanunsuz olaraq özəlləşdirəm Qriqoryan buranı kommersiya obyekti kimi istifadə edir.



Kəndin yaxınlığındakı Ayqr gölünün də bir hissəsi ona məxsusdur. Ərazidə istirahət guşəsi yaradan general Qriqoryan qonşu Zartonk kəndindəki dövlət qoruğunda da qanunsuz təsərrüfat obyektləri tikib. Həmişə ərazidə mal-qara otaran yerli sakinlər qoruğun onların üzünə bağlı olduğunu deyirlər. Arşaluys kəndi sakinlərinin Manvel Qriqoryanın qanunsuz torpaq zəbt etməsi və tikinti işləri aparması ilə bağlı şikayətlərinə cavab verən Ermənistan Dövlət Kadastr Xidmətinin rəhbəri Yervand Zaxaryan açıq şəkildə general Qriqoryanla problem yaşamaq istəmədiyini deyib.

Maraqlıdır ki, Manvel Qriqoryan yalnız Arşaluys kəndini inhisara almayıb. Onun oğlu, Eçmiədzinin meri Karen Qriqoryan şəhərin yaxınlığında 2 mərtəbəli malikanə tikir. Digər oğlu Arman Qriqoryan isə Eçmizədzin-Yerevan marşrutu ilə hərəkət edən bütün taksi xidmətlərinə nəzarət edir. Arman Qriqoryan hər gün həmin 50 taksidən günəmuzd toplayır.



Manvel Qriqoryanın Eçmiədzindəki digər mülklərinə gəldikdə isə şəhərdəki paltar dükanları, yarmarkalar və bazarlar ona məxsusdur. Xüsusilə, Eçmiədzində pələnglərin mühafizə etdiyi malikanə məşhurdur. Oğlu şəhərin meri olduğu üçün general bu obyektlərinə görə heç bir vergi də ödəmir.

Ümumiyyətlə, qeyri-rəsmi olaraq Qriqoryanlar ailəsinə məxsus Eçmiədzin şəhəri və ətraf kəndlər daim qorxu içindədir. Şəhər sakinləri yaxşı bilirlər ki, Manvel Qriqoryanın kortejinin qarşısına çıxan istənilən maşının sahibi döyüləcək, təkərləri isə deşiləcək. Qorxu o qədər böyükdür ki, yol polisi belə, Qriqoryanın kortejini görəndə gözdən itir.

Bütün bu faktlar bir daha Ermənistanda müharibə veteranlarının yaratdığı hərbi xuntanın mövcud olduğunu göstərir.