SOCAR-ın prezidenti Çilov adasına getdi

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağındakı 4-cü özülə və Çilov adasına səfər ediblər.



AzNews.az Apa-ya istinadən xəbər verir ki, ARDNŞ-nin prezidenti və onu müşayiət edən şəxslər əvvəlcə, 4-cü özüldə yeni inşa edilmiş Qazlift kompressor stansiyasına baş çəkiblər. Bildirilib ki, hazırda "Günəşli" yatağında fəaliyyətdə olan quyulardan sutkada 13 300 ton neft hasil olunur və bu quyuların 80%-i qazlift üsulu ilə istismar edilir. Gələcəkdə qazlift üsulu ilə işləyəcək quyuların sayının və qazlift sisteminə tələb ediləcək gündəlik qaz sərfinin artacağı gözlənilir.

Bundan sonra Çilov adasına gələn ARDNŞ-nin prezidentinə "Neft Daşları"ndakı 48 saylı Qazturbinli Elektrik Stansiyasından adaya çəkilən 35 kV-luq kabel xətti və adada inşa edilmiş müasir tipli qapalı 35/6 kV-luq yarımstansiya barədə məlumat verilib. Qeyd olunub ki, indiyədək Çilov adasını enerji ilə təmin edən Pirallahı-Damba arası hava xətti uzun müddət istismar edildiyindən, küləkli hava şəraitində və xüsusən payız-qış mövsümündə qəza hallarının artmasına səbəb olur və adada elektrik enerjisinin təminatında fasilələr yaranırdı. Bu isə öz növbəsində Çilov adasında yerləşən istehsalat obyektlərində, adaətrafı dəniz özüllərində iş ahənginin pozulmasına, texnoloji proseslərdə müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Yeni yarımstansiya bütün bu çətinlikləri aradan qaldıracaq, Çilov adasının enerji ilə təminatını "Bakıelektrikşəbəkə" sisteminə qoşulmadan həyata keçirməyə imkan yaradacaq.