- Siyasi müzakirə
- 20:25
- 1 748
“Vaşinqton İranla bağlı hərbi variantı istisna etmir” - Kənan Novruzov
"Son zamanlar ABŞ və İsrailin İrana hərbi müdaxilə ehtimalı gündəmə gəlib. Həm İran daxilində baş verən hadisələr, həm də gözlənilən xarici təsir fonunda ABŞ və digər Qərb dövlətləri İrandakı vətəndaşlara ölkəni tərk etmələri barədə xəbərdarlıq ediblər. Adətən belə çağırışlar boş yerə olmur və konkret arqumentlərə, o cümlədən kəşfiyyat məlumatlarına əsaslanır. ABŞ nüvə dosyesi ilə bağlı İranla konsensus əldə edə bilməyib. Vaşinqtonun tərəddüdü uzun müddət davam edən danışıqlarla bağlı idi, lakin nəticə əldə olunmayıb. Belə olan halda prinsip etibarı ilə ABŞ-nin İrana hərbi müdaxiləsi üçün hər hansı formal əngəl yoxdur. Doğrudur, hərbi müdaxilə ABŞ üçün “A”variantı deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, analitik Maykl Klark “Sky News”a bildirib ki, ABŞ-nin Yaxın Şərqdəki bazaları İranla bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. "Regiondakı ABŞ bazalarında yerləşən 40 mindən çox hərbçi qarşıdakı həftələrdə baş verə biləcək hücumlara və cavab tədbirlərinə hazırdır,” – o qeyd edib. Klarkın sözlərinə görə, ABŞ həmçinin SEPAH-a qarşı kiberhücum və “Starlink” terminallarının İrana daxil olması kimi alternativ əməliyyat variantlarını da nəzərdən keçirir.
Siyasi şərhçi bildirib ki, ABŞ lideri Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl dünyadakı müharibələrə son qoyacağını və özünü sülh tərəfdarı kimi təqdim etdiyini açıqlamışdı.
"ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Qrenlandiyaya iddiası fonunda İranda güc tətbiqi Trampın nüfuzuna ciddi təsir göstərə bilər. Bundan əlavə, ABŞ hakimiyyəti sərt gücdən daha çox iqtisadi və diplomatik təzyiq metodlarını üstün tutur. Vaşinqton əvvəlcə iqtisadi sanksiyaları və İran daxilindəki ziddiyyətləri artıraraq təsir göstərməyi sınayacaq. Həmçinin, hərbi əməliyyat daxildəki etirazların təbii gedişinə mane ola bilər və İsrailin maraqlarına xidmət edə bilər. ABŞ isə İsraillə məsafəli münasibət saxlayır və Təl-Əvivin maraqlarına birbaşa xidmət edəcək addımı tələsmir. Buna baxmayaraq, ABŞ-nin İrana hərbi müdaxilə ehtimalı gündəmdə qalır. Əgər Vaşinqton belə bir əməliyyatın yeganə variant olduğuna əmin olsa, tərəddüd etməyəcəyi gözlənilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az