Prezident Xırdalana getdi, açılışlar etdi

Oktyabrın 3-də Prezident İlham Əliyev Xırdalan şəhərinə gedib.


Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən işlər barədə məlumat verib.

Sonra Prezident Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Son illərdə Abşeron rayonunda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır.
Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub.

Dövlət başçısına məlumat verilib ki, ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.


İlham Əliyev həmçinin Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıb.

Məlumat verilib ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var.

Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edilib ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var.

Prezidenti İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında da olub.

Dövlət başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.

Bundan sonra İlham Əliyev Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.

AzNews.az