- Köhnə - Hadisə
- 18 Fevral 2015 16:25
- 3 627
Baş Prokurorluqdan İki arvadını öldürən kişi ilə bağlı açıqlama
Baş Prokurorluq iki arvadını öldürən kişi ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, şəhər prokurorluğunda Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızının 2014-cü ilin oktyabr ayının sonlarında qəsdən öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə İsmayılov Vidalət Təbriz oğlu təqsirləndirilən şəxs qismində dindirilərkən 31 may 2006-cı il tarixdə Gəncə şəhərində yaşadığı evdə keçmiş arvadı, 1977-ci il təvəllüdlü Əsgərova Rəna Arif qızını qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını bildirib.
Həmin məlumat əsasında bu gün - fevralın 18-də şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs V.İsmayılovun ifadəsində göstərdiyi yer qazılaraq oradan parçaya bükülən vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təqdim edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Esmira Əliyeva da onun üçüncü arvadı olub.