- Siyasi müzakirə
- 19:58
- 1 791
“İran regionda təklənməmək üçün qonşularla yeni siyasi xətt yürüdür” - Azad Məsiyev
“İran sanksiyalara məruz qalan dövlətdir. Başda ABŞ olmaqla Qərb ölkələri İranı dünya iqtisadi sistemindən təcrid etmək və ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq üçün sanksiyalar tətbiq edir. Buna baxmayaraq İran həmin sanksiyalara qarşı duraraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaqda davam edir. İranın yeni siyasi hakimiyyəti xarici siyasətində yeni strateji xətt müəyyənləşdirib. Bu strategiya qonşu dövlətlərlə münasibətləri bərpa etmək, həmin ölkələr üzərindən iqtisadi-siyasi əlaqələri genişləndirmək və regional əməkdaşlığı gücləndirməkdən ibarətdir. İranın yaxın qonşuları Azərbaycan və Türkiyədir. Bu baxımdan Tehran üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin genişləndirilməsi dövlət və milli maraqlara tam uyğundur. Xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün İran-Azərbaycan münasibətlərinin pozitiv olması həlledici məqamdır. Çünki İranın Rusiya ilə geniş dəmir yolu bağlantısı yaratmaq siyasəti məhz Azərbaycan üzərindən reallaşdırılır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Yaxın Şərqdə geosiyasi gərginliyin dərinləşdiyi və regional güc balansının sürətlə dəyişdiyi bir dövrdə İran xarici siyasətində daha ehtiyatlı və praqmatik xətt yürütməyə məcbur qalıb. Artan təzyiqlər, xüsusilə ABŞ-la qarşıdurmanın kəskinləşməsi Tehran üçün riskləri artırır və bu da onun sərhəd qonşuları ilə münasibətlərdə yumşalma siyasətinə üstünlük verməsinə gətirib çıxarır. Məhz bu kontekstdə İranın Azərbaycan və Türkiyə ilə münasibətlərində müşahidə edilən pozitiv dinamika diqqət çəkir. Bakı–Tehran dialoqunun intensivləşməsi, nəqliyyat və təhlükəsizlik sahələrində ortaq mövqelərin formalaşması, eləcə də yeni rəhbərlik — xüsusilə Məsud Pezeşkianın mötədil yanaşması — fonunda İranın region siyasətində “yumşalma xətti”nin konturları daha aydın görünməyə başlayır. Bunun taktiki addım, yoxsa strateji dönüş olub-olmadığı isə hələ də açıq müzakirə mövzusudur.
Siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatı region ölkələrinin inkişafı və təhlükəsizliyinə xidmət edən mühüm təşəbbüsdür və İran da bu ideyanı dəstəkləyir.
"Lakin İranın digər qonşusu Ermənistanla vəziyyət müəyyən dərəcədə fərqlidir. Bunun səbəbi Ermənistanda ABŞ-ın geniş fəaliyyət imkanlarına malik olmasıdır. İddialara görə, bu ölkədə ABŞ səfirliyində 3 mindən artıq diplomatik heyət fəaliyyət göstərir və onların təxminən 50 faizinin müxtəlif xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilir. Bu rezidentura şəbəkəsinin İran daxilində sabitliyi pozmağa yönəlmiş fəaliyyətlər həyata keçirdiyi qeyd olunur. Qərbin, xüsusilə ABŞ-ın əsas məqsədi İranda hakimiyyəti dəyişdirmək və özünə uyğun siyasi rəhbərlik formalaşdırmaqdır. Eyni zamanda regionda gərginlik ocaqları yaratmaqla İranı münaqişələrə cəlb etmək cəhdləri müşahidə olunur. Yaxın Şərqdə İran–İsrail qarşıdurmasının qızışdırılması da bu kontekstdə dəyərləndirilir. İran dünya siyasi xəritəsində təklənməmək, beynəlxalq iqtisadi-siyasi münasibətlərdən kənarda qalmamaq üçün mütləq şəkildə qonşularla yeni, konstruktiv siyasi xətt yürütməlidir. Təəssüf ki, ölkə daxilində bəzi avantürist siyasətçilər və xarici xüsusi xidmət orqanlarının təsiri altında olan qruplar zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar səsləndirir. Halbuki bu bəyanatların İranın dövlət maraqları ilə heç bir əlaqəsi yoxdur. Əksinə, İranın qonşularla münasibətlərinin pisləşməsi Qərbin maraqlarına xidmət edir. Buna baxmayaraq, İranın indiki prezidenti Azərbaycanla münasibətləri yenidən qurmaq və dostluq əlaqələrini gücləndirmək niyyətindədir. O, konstruktiv mövqedən çıxış edərək problemlərin dialoq vasitəsilə həllini vacib sayır. Eyni yanaşma ABŞ və Avropa ilə münasibətlərə də şamildir. Yaxın günlərdə İran və Fransanın rəsmi nümayəndələri arasında dialoqun başlaması da bunun göstəricisidir. İran tez-tez nüvə silahı əldə etmək istəməkdə ittiham olunur. Lakin rəsmi Tehran dəfələrlə bəyan edib ki, nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etmək niyyətindədir və yaranan problemlərin dialoq yolu ilə həllinə tərəfdardır. İndiki prezidentin mövqeyi dəfələrlə açıqlanıb: Azərbaycanla münasibətləri bərpa etmək, strateji əməkdaşlığı gücləndirmək, iqtisadi və siyasi sahələrdə əlaqələri genişləndirmək Tehran üçün prioritetdir. Bu da onu göstərir ki, İranın hazırkı siyasi rəhbərliyi daha realist və konstruktiv xətt yürüdür, regiondakı real vəziyyəti nəzərə alır və fəaliyyətində bunu əsas götürür".
Rəfiqə Namazəliyeva,
AzNews.az